II Dünya müharibəsində faşizm üzərində Qələbənin 80 illik yubileyi münasibətilə mayın 8-də Azərbaycan İstiqlal Muzeyində “Zəfər irsimiz dünəndən bu günə” adlı sərgi-tədbir keçirilib.

Sərgidə Sovet İttifaqı Qəhrəmanları Mehdi Quliyevin, Həzi Aslanovun, kontr-admiral Cəlil Cavadovun şəxsi əşyaları, həmçinin muzeyin fondlarında qorunub saxlanılan II Dünya müharibəsi mövzulu plakat nümunələri, Xalq rəssamı Altay Hacıyevin və Azərbaycan milli karikatura sənətinin banisi Əzim Əzimzadənin əsərləri yer alıb. 

Həmçinin ailə üzvləri tərəfindən muzeyə sərgi üçün verilən Sovet İttifaqı Qəhrəmanı Səlahəddin Kazımovun, 416-cı Taqanroq diviziyası komandirinin siyasi iş üzrə müavini polkovnik Rəşid Məcidovun, əfsanəvi partizan “Mixaylo” – Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin, 1945-ci ilin mayında Berlinin Bradenburq qapıları üzərində bayrağı qaldıran ilk azərbaycanlılardan biri olan Əhməd Məcidovun şəxsi sənədləri, arxiv materialları nümayiş olunub.

Tədbirdə Mehdi Hüseynzadənin yaxın qohumu Mehdi Əzizbəyov, Əhməd Məcidovun oğlu Ramzes Məcidov, Rəşid Məcidovun nəvəsi Məryəm Məcidova və digərləri çıxış ediblər.