Mayın 14-də Beynəlxalq Muğam Mərkəzində görkəmli tarzən, Xalq artisti, həkim-cərrah Hacı Məmmədovun (1920–1981) anadan olmasının 105 illiyinə həsr edilmiş tədbir keçirilib.
Xatirə axşamında ictimai-siyasi xadimlər, mədəniyyət və incəsənət ustaları iştirak ediblər.
BMM-nin direktoru Əməkdar artist Sahib Paşazadə tədbirə gələnləri salamlayaraq unudulmaz tarzənin yaradıcılığından söz açıb, onun müasir tar ifaçılığında xidmətlərini vurğulayıb. Bildirib ki, öz məktəbini yaratmış görkəmli sənətkarın müstəsna xidmətlərindən biri də tar alətini solist kimi ön plana çıxarmağıdır. Bununla da o, solo-virtuoz potensialını parlaq şəkildə göstərməyə nail olub. Hacı Məmmədovun sənətkarlığının əsas xüsusiyyəti emosionallıq və virtuozluq kimi keyfiyyətlərin qovuşmasından ibarət idi. Tarzən eyni zamanda bəstəkar əsərlərinin mahir ifaçısı kimi tanınıb, tarın texniki və melodik imkanlarının genişliyini, zənginliyini öz ifalarında ustalıqla əks etdirib.
Yubiley gecəsində ustad tarzənin ifalarından lent yazıları təqdim edilib. Əməkdar artist Sahib Paşazadənin Bursa Dövlət Bölgə Simfonik Orkestri ilə çıxışından bir hissə nümayiş olunub. Bəstəkar Hacı Xanməmmədovun həmin konsertdə ifa olunan "Tar və orkestr üçün 2 nömrəli konsert"i Hacı Məmmədova həsr olunub.
Xalq artistləri, tarzən Ramiz Quliyev və Vamiq Məmmədəliyev, Hacı Məmmədovun son tələbələrindən olan tarzən Mirxalid Salayev çıxış edərək xatirələrini bölüşüblər, unudulmaz tarzənin həyat yolundan, tar ifaçılıq sənətimizin inkişafındakı xidmətlərindən danışıblar.
Tarzənin ailəsi adından nəvəsi Cahangir Məmmədov çıxış edərək babasının xatirə gecəsinin təşkilatçılarına və qonaqlara təşəkkürünü bildirib.
Bədii hissədə Xalq artistləri Malik Mansurov, Elçin Həşimov, Əməkdar artistlər Ələkbər Ələkbərov, Vüsal İsgəndərzadə, tarzənlər Elman Sadıqov, Ayaz İmranov, Bəhruz Zeynal, Humay Qədimova, Mirhüseyn Əsədullayev, gənc tarzən Mirnofəl Həsənov, xanəndələr – Əməkdar artist Qoçaq Əsgərov və Abgül Mirzəliyev çıxış ediblər.
***
Qeyd edək ki, milli ifaçılıq sənətimizin ən parlaq nümayəndələrindən olan tarzən Hacı Məmmədov 1920-ci il aprelin 28-də Şamaxıda doğulub. Sənətkarın ifaçılığı ayrıca bir məktəb kimi səciyyələndirilir. Tarzən yaradıcılığı boyu sənətin incəliklərinə dərindən yiyələnib, öz fərdi ifaçılıq üslubuna nail olub. Qurban Pirimov, Bəhram Mansurov kimi böyük tarzənlərin sənət məktəbindən dərs alan Hacı Məmmədov Bülbül, Seyid Şuşinski, Zülfü Adıgözəlov, Əbülfət Əliyev, Rəşid Behbudov, Şövkət Ələkbərova, Yaqub Məmmədov, Rübabə Muradova, Sara Qədimova və başqa görkəmli xanəndələri tarda müşayiət edib. Onun zəngin ifaçılıq istedadı, klassik üsluba sadiqliyi, habelə uğurlu improvizə bacarığı musiqisevərlərin könlünü oxşayıb.
Görkəmli tarzən 1963-cü ildə Xalq artisti fəxri adına layiq görülüb. İfasında “Orta Mahur”, “Segah”, “Çahargah”, “Zabul”, “Şur” muğamları, xalq musiqisi və bəstəkar əsərləri Azərbaycan Televiziya və Radiosunun fondunda qorunub saxlanılır. Hacı Məmmədov 1981-ci il avqustun 2-də vəfat edib.