Oktyabrın 22-də görkəmli rəssam, Azərbaycan dəzgah boyakarlığının banisi Mirzə Qədim İrəvaninin (1825–1875) 200 illik yubileyi münasibətilə Azərbaycan Milli İncəsənət Muzeyinin təşəbbüsü ilə “Azərpoçt” MMC tərəfindən dövriyyəyə buraxılan poçt markalarının təqdimatı olub.
Bu barədə Milli İncəsənət Muzeyindən məlumat verilib.
Tədbirdə Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova və “Azərpoçt” MMC-nin Marka şöbəsinin müdiri Sitarə Hüseynova çıxış ediblər.
Çıxışlarda Prezident İlham Əliyevin 2025-ci ildə Mirzə Qədim İrəvaninin 200 illik yubileyinin dövlət səviyyəsində qeyd edilməsi barədə Sərəncam imzaladığı vurğulanıb, bu qərarın dahi sənətkarın irsinin qorunması, araşdırılması və geniş ictimaiyyətə tanıdılması üçün mühüm addım, təqdim edilən poçt markalarının isə yubiley ilinə dəyərli töhfə olduğu bildirilib.
Poçt markaları üzərində M.Q.İrəvaninin tanınmış portretləri sırasında yer alan “Əsgər”, “Mah Tələt xanım”, “Zadəgan qadının portreti”, “Vəcihulla Mirzə”, “Fətəli şah” əsərləri əks olunub. İrəvani yaradıcılığının müxtəlif mərhələlərinə aid bu mükəmməl sənət nümunələrində öz dövrləri üçün yeni olan xüsusiyyətlər – təkcə zahiri bənzərlik deyil, hər bir obraza xas fərdi cizgi və daxili aləmin dolğun təsviri verilib.
Qeyd edək ki, təqdimat mərasimində Milli İncəsənət Muzeyinin kolleksiyasında qorunan bu portretlər nümayiş etdirilib.
Xalq artisti Munis Şərifovun bədii rəhbərliyi ilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin nəzdində fəaliyyət göstərən Qədim musiqi alətləri ansamblı mərasimə sənət ərməğanı bəxş edib.