Azərbaycanın ilk qadın gəmi kapitanı, İkinci Dünya müharibəsi iştirakçısı, iqtisadçı-alim Şövkət Səlimovanın (1920–1999) həyat və fəaliyyətinə həsr olunan bədii film çəkilib.

“AZCON Holding” şirkətlərindən olan ASCO-nun təşəbbüsü ilə lentə alınmış "Şövkət" adlı filmin oktyabrın 22-də Nizami Kino Mərkəzində premyerası keçirilib.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-dən (ASCO) bildirilib ki, tədbirdə “AZCON Holding”, o cümlədən ASCO rəhbərliyi və əməkdaşları, Azərbaycan Dövlət Dəniz Akademiyası (ADDA) və Azərbaycan Dənizçilik Kollecinin (ADK) tələbələri, ictimaiyyət və mədəniyyət nümayəndələri, həmçinin filmin yaradıcı heyəti iştirak edib.

ASCO İdarə heyətinin sədri Rauf Vəliyev bildirib ki, 167 illik tarixi olan gəmiçiliyin zəngin irsindən qaynaqlanmaqla çəkilmiş film xüsusi önəm daşıyır. Diqqətə çatırıb ki, məhz 2013-cü ilin bu günündə Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi və ARDNŞ-nin Xəzər Dəniz Neft Donanmasının birləşdirilməsi yolu ilə hazırda ASCO brendi ilə fəaliyyət göstərən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC yaradılıb.

ASCO yarandığı gündən dənizçi peşəsinin nüfuzunun daha da artırılmasının prioritet məsələ olduğunu qeyd edən sədr “Şövkət” filminin bu məqsədə nail olmaq istiqamətində reallaşdırılan layihələrdən biri olduğunu deyib.

Rauf Vəliyev Şövkət Səlimovanın həyat və fəaliyyətinin gənc xanımlar üçün güclü motivasiya mənbəyi olduğunu, ASCO-da həm sahil, həm də üzən heyətdə çalışan, eləcə də ADDA-da təhsil alan xanımların sayının getdikcə artdığını bildirib.

Sonra sədr həmin xanımlardan biri olan RoPax tipli “Zərifə Əliyeva” gəmisində matros kimi çalışan ADDA məzunu Nuranə Əkbərovanı səhnəyə çağırıb və bundan sonra kapitan köməkçisi kimi fəaliyyətini davam etdirəcəyi münasibətilə onu təbrik edib.

Tədbirdə xanım kapitana həsr olunmuş və 1979-cu ildə Xalq artisti Flora Kərimovanın ifa etdiyi “Sular qızı” romansından bir parça səsləndirilib. Sonra Flora Kərimova Şövkət Səlimova ilə bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşüb.

Daha sonra bədii film nümayiş etdirilib.

Təqdimatın ardınca filmin yaradıcı heyəti səhnəyə dəvət olunub və onlara ASCO adından təşəkkürnamə təqdim edilib.

Filmin istehsalında 70-dən çox yerli və xarici mütəxəssis, həmçinin 100-dən artıq aktyor iştirak edib. Şövkət Səlimovanın obrazını gənc aktrisa Nəzrin Abdullayeva canlandırıb. Ekran işində Xalq artisti Qurban İsmayılov, aktyorlar Hikmət Rəhimov, Elsevər Rəhimov, Nigar Mürsəlova və digər tanınmış simalar da rol alıblar.

Bədii filmin ideya müəllifi ASCO-nun İctimaiyyətlə əlaqələr departamentinin rəisi Mehman Mehdiyev, ssenari müəllifləri isə “Suraxanı” gəmi-muzeyinin direktoru Tural İbrahimov və Asif Rüstəmovdur.

Filmin quruluşçu rejissoru Asif Rüstəmov, təsvir rejissoru Rauf Qurbanəliyev, baş prodüseri Tural İbrahimov, icraçı prodüseri isə Səbinə Həsənovadır.

Çəkilişlər zamanı ASCO-nun donanmasına məxsus gəmilər və müxtəlif real məkanlardan geniş istifadə olunub. Həmçinin dövrün ruhunu əks etdirmək məqsədilə unikal rekvizitlər hazırlanıb.