Mayın 11-də Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Dövlət mükafatı laureatı, Xalq yazıçısı Maqsud İbrahimbəyovun (1935–2016) anadan olmasının 90 ili tamam olub.

Milli Kitabxanada bu münasibətlə “Maqsud İbrahimbəyov – 90” adlı elektron məlumat bazası, “Xalq yazıçısı Maqsud İbrahimbəyov – 90” adlı virtual sərgi, həmçinin eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.

Elektron məlumat bazasında “Rəsmi sənədlər”, “Həyat və fəaliyyətinin əsas tarixləri”, “Görkəmli şəxslər Maqsud İbrahimbəyov haqqında”, “Təbriklər”, “Mükafatları”, "Nəşrlər", "Haqqında", "Xatirəsinin əbədiləşdirilməsi" və bir sıra materiallar tammətnləri ilə nümayiş olunur.

Sərgilərdə yazıçının əsərləri, həyat və yaradıcılığı haqqında kitablar, rəsmi sənədlər, mükafatları, dövri mətbuatda çap olunan məqalələri və fotolar nümayiş olunur.

Maqsud Məmmədibrahim oğlu İbrahimbəyov 1935-ci il mayın 11-də Bakı şəhərində anadan olub. 1960-cı ildə Azərbaycan Politexnik İnstitutunun inşaat fakültəsini, 1964-cü ildə Moskvada ali ssenari kurslarını, 1973-cü ildə isə ali rejissor kurslarını bitirib. 1964-1971-ci illərdə SSRİ Mərkəzi Televiziya və Radio Verilişləri Komitəsində Azərbaycan üzrə xüsusi müxbir işləyib, sonrakı illərdə bədii yaradıcılıqla və ictimai fəaliyyətlə məşğul olub.

Maqsud İbrahimbəyov istedadlı nasir, dramaturq, kinossenarist və rejissor kimi çoxcəhətli fəaliyyəti ilə tanınıb. 60-cı illərdə ədəbiyyata qədəm qoyan nəslin nümayəndəsi kimi o, müasirlərinin rəngarəng, dolğun obrazlarını yaradaraq öz dəst-xətti ilə geniş oxucu rəğbəti qazanıb. Yazıçının əsərləri kütləvi tirajla çap edilib, bir çox dünya dillərinə tərcümə olunub, pyesləri tamaşaya qoyulub.

Maqsud İbrahimbəyov "Bütün yaxşılıqlara görə ölüm", "Truskaveçə kim gedəcək" , "Ondan yaxşı qardaş yox idi", "Qoy, o bizimlə qalsın", "Bayquş gəldi", "Kərgədan buynuzu" və s. romanların müəllifidir. "Bayquş gəlmişdi" və "Bütün yaxşılıqlar üçün — ölüm!" əsərlərinə görə ona 1976-cı ildə Azərbaycan SSR Dövlət mükafatı verilib.

O, həmçinin "Bizim Cəbiş müəllim", "Uşaqlığın son gecəsi", "Ən vacib müsahibə" və s. filmlərin ssenari müəllifidir.

Maqsud İbrahimbəyov bədii yaradıcılıqla yanaşı, ictimai fəaliyyət göstərib, bir neçə çağırış Azərbaycan Milli Məclisinin deputatı seçilib.

Yazıçının xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilib. O, “Xalq yazıçısı” fəxri adına (1998), “Şöhrət” (1995), “İstiqlal” (2005) və “Şərəf” (2015) ordenlərinə layiq görülüb.

2025-ci il fevralın 13-də Prezident İlham Əliyev tərəfindən Maqsud İbrahimbəyovun 90 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalanıb.

***

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında da Maqsud İbrahimbəyovun 90 illiyi münasibətilə elektron məlumat bazası hazırlanıb.

Kitabxanadan bildirilib ki, elektron məlumat bazasında yazıçının həyat və fəaliyyətinin əsas tarixləri, bir sıra görkəmli şəxslərinin onun haqqında söylədikləri dəyərli fikirlər, rəsmi sənədlər, layiq görüldüyü orden, mükafat və fəxri adlarla yanaşı, filologiya elmləri doktoru Vaqif Yusiflinin “Mənim tanıdığım Maqsud İbrahimbəyov”, Əməkdar jurnalist Əli Nəcəfxanlının “Ədəbiyyatımızın zadəgan nasiri” kimi məqalələrinin tam mətni təqdim edilir.

Azərbaycan və rus dillərində tərtib edilən elektron bazada Maqsud İbrahimbəyovun məcmuələrdə, dövri mətbuatda dərc edilmiş bədii əsərlərinin, publisistik məqalələrinin, yazıçı haqqında qələmə alınan kitabların, məqalələrin siyahıları yer alır.

Kitabxana əməkdaşları tərəfindən hazırlanan bazada “Xatirəsinin əbədiləşdirilməsi” “Filmoqrafiya”, “Foto və videoqalereya” bölmələri, Maqsud İbrahimbəyovun kitablarının virtual sərgisi də təqdim edilir.

Elektron məlumat bazasına bu linkdə baxmaq olar.