Aprelin 22-də AMEA-da Humanitar Elmlər Bölməsi və Memarlıq və İncəsənət İnstitutunun birgə təşkilatçılığı ilə görkəmli memar, Sosialist Əməyi Qəhrəmanı, Dövlət mükafatları laureatı, Azərbaycan SSR Elmlər Akademiyasının ilk üzvlərindən olan Mikayıl Hüseynovun (Mikayıl Useynov; 1905–1992) 120 illiyinə həsr olunmuş elmi sessiya keçirilib.

Əvvəlcə tədbir iştirakçıları Fəxri xiyabanda görkəmli Azərbaycan memarları Mikayıl Hüseynovun və Sadıq Dadaşovun məzarlarını ziyarət ediblər.

AMEA-nın foyesində Mikayıl Hüseynovun yaradıcılığını əks etdirən sərgiyə baxış olub.

Tədbiri AMEA-nın prezidenti akademik İsa Həbibbəyli açaraq görkəmli memarın yaradıcılığından, elmi-təşkilati fəaliyyətindən və Azərbaycanın milli memarlıq sənətinə verdiyi əvəzsiz töhfələrdən danışıb. Bildirib ki, akademik Mikayıl Hüseynov Azərbaycanın milli memarlıq ənənələrini öz yeni axtarışları ilə zənginləşdirib və müasir texnologiyalardan istifadə edərək monumental tikililərin qiymətli nümunələrini yaradıb. O, AMEA-nın yerləşdiyi binanın da layihə müəllifidir., ümumilikdə 200-dən çox layihə yaradıb və bunların hamısı çox peşəkarcasına, yüksək səviyyədə həyata keçirilib. Görkəmli memarın layihələri əsasında Bakı, Gəncə, Naxçıvan, Şəki, eləcə də Düşənbə, Moskva və digər şəhərlərdə mədəni-məişət binaları tikilib.

AMEA prezidenti Azərbaycan memarlığının elm kimi təşəkkülündə xüsusi rolu olan akademik Mikayıl Useynovun yüksəkixtisaslı kadrların hazırlanması istiqamətindəki xidmətlərindən də danışıb. Qeyd edib ki, alim Azərbaycanda memarlığın inkişafına və milli memarlıq elminin kadr potensialının formalaşdırılması işinə dəyərli töhfələr verib. Onun tanınmış memar Sadıq Dadaşovla fikir-ideya birliyi əsasında yaratdığı əsərlər Azərbaycan milli memarlığının ən parlaq səhifəsi hesab olunur.

Sonra Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru professor Gülçöhrə Məmmədova çıxış edərək Mikayıl Hüseynovu həqiqi alim, sadə insan və görkəmli memar kimi xarakterizə edib, onun XX əsrdə Azərbaycanın zəngin memarlıq ənənələrini saxlamaqla müasir üslubda memarlıq kompleksləri yaratdığını bildirib. 

Professor Gülçöhrə Məmmədova Mikayıl Useynovun elmi fəaliyyətinə nəzər salaraq alimin həmmüəllifi olduğu “Azərbaycan memarlığı tarixi” kitabının Azərbaycan memarlıq tarixinin ən böyük və fundamental əsəri olduğunu vurğulayıb.

AzMİU-nun Memarlıq fakültəsinin binasının da Mikayıl Useynovun layihəsi əsasında tikildiyini söyləyən rektor qeyd edib ki, tarixi Azərbaycan memarlığından gələn nümunələr əsasında inşa edilən bu bina Azərbaycan paytaxtını bu gün də bəzəməkdədir. O, görkəmli alimin elmi irsinin gənc memarlar üçün böyük tədqiqat mövzusu olduğunu bildirib.

Azərbaycan Memarlar İttifaqının idarə heyətinin sədri Elbay Qasımzadə çıxışında görkəmli Mikayıl Hüseynovla bağlı xatirələrini bölüşüb, onun  uzun illər Memarlar İttifaqına rəhbərlik etdiyini diqqətə çatdırıb.

AMEA Memarlıq və İncəsənət İnstitutunun direktoru Ərtegin Salamzadə də çıxışında görkəmli memarın 40 ilə yaxın bu instituta rəhbərlik etdiyini xatırladıb.

Elmi sessiyada memarlıq doktoru, professor Rayihə Əmənzadə, memarlıq doktoru, dosent Rahibə Əliyeva, memarlıq üzrə fəlsəfə doktorları, dosentlər Sevinc Tangudur, Samirə Abdullayeva akademik Mikayıl Hüseynov haqqında məruzələrlə çıxış ediblər.

Sonda görkəmli memarın ailəsi adından fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru, dosent Səidə Useynova çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirib.