Tarixdəki olaylar
17 aprel 1946 – Suriya müstəqilliyini elan edib. 1516–1918-ci illərdə Osmanlı imperiyasının tərkibində olan Suriya daha sonra Fransa və Britaniyanın mandatı ilə idarə olunurdu. 1958-ci ildə Suriya Misirlə birləşərək Birləşmiş Ərəb Respublikasını yaratdı, 1961-ci ildən yenidən ayrıca dövlət oldu.
17 aprel 1993 – Türkiyə Prezidenti Turqut Özal vəfat edib. Özal Atatürkdən sonra vəzifədə ikən dünyasını dəyişən Türkiyənin ikinci dövlət başçısı idi. Ölkədə beşgünlük matəm elan edilib.
17 aprel 1999 – Azərbaycan neftini dünya bazarına çıxaran ilk boru xətti – Bakı-Supsa (Gürcüstan, Qara dəniz) kəməri istismara verilib. 827 km uzunluğunda olan və sutkalıq nəql həcmi 105 min barrel (ildə 5 milyon ton) olan kəmər “Əsrin müqaviləsi” çərçivəsində istehsal olunan neftin ilkin mərhələdə daşınması üçün nəzərdə tutulmuşdu.
Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)
17 aprel 1884 – Bəstəkar, Əməkdar incəsənət xadimi Zülfüqar Əbdülhüseyn oğlu Hacıbəyov (1884 – 30.9.1950) anadan olub. Dahi bəstəkar Üzeyir Hacıbəylinin böyük qardaşıdır. “Aşıq Qərib” operasının, “Əlli yaşında cavan” musiqili komediyasının müəllifidir.
17 aprel 1894 – Rus aktyoru, SSRİ Xalq artisti Boris Vasilyeviç Şukin (1894 – 7.10.1939) anadan olub. Moskva Teatr Məktəbi aktyorun adını daşıyır.
.
17 aprel 1897 – Norveç bəstəkarı Harald Severud (Sæverud; 1897 – 27.3.1992) anadan olub. Əsərləri: “Ehtiraslı rondo”, “Etiraz balladası” və s.
17 aprel 1899 – Türkoloq, şərqşünas Əhməd Cəfəroğlu (Əhməd İsmayıl oğlu Cəfərzadə; 1899 – 6.1.1975) Gəncədə doğulub. Azərbaycanın sovetləşməsindən sonra Türkiyəyə gedib. İstanbul Universitetinin professoru olub, “Azərbaycan yurd bilgisi” dərgisini nəşr etdirib.
17 aprel 1924 – Kinoşünas və teatrşünas, sənətşünaslıq elmləri doktoru Sabir Əkbər oğlu Rizayev (1924–1978) İrəvanda doğulub. Ermənistan Elmlər Akademiyası İncəsənət İnstitutunun direktor müavini olub.
17 aprel 1928 – Milli vokal sənətinin görkəmli nümayəndəsi, SSRİ Xalq artisti Lütfiyar Müslüm oğlu İmanov (1928 – 22.1.2008) Sabirabad rayonunda doğulub. Opera və Balet Teatrında baş partiyaları ifa edib, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru olub.
17 aprel 2009 – Xalq yazıçısı Sabir Məhəmməd oğlu Əhmədli (10.7.1930 – 2009) vəfat edib. “Pillələr”, “Toğana”, “Yasamal gölündə qayıqlar üzür”, “Dünyanın arşını” və s. kitabların müəllifidir.
Hazırladı: Vüqar Orxan