Tarixdəki olaylar

 

8 aprel 1929 – VI Ümumazərbaycan Sovetlər Qurultayının qərarı ilə Azərbaycanda yeni ərazi-inzibati vahidlər – dairələr yaranıb. Respublika ərazisi Bakı, Quba, Lənkəran, Şirvan, Gəncə, Qarabağ, Zaqatala-Nuxa və Muğan dairələrinə bölünüb. Bundan öncə, 1921-ci ildə Azərbaycan SSR-də ərazi-inzibati bölgüsü olaraq 17 qəza (Bakı, Gəncə, Ağdaş, Göyçay, Cəbrayıl-Qaryagin, Tovuz, Qazax, Zaqatala, Quba, Lənkəran, Nuxa, Salyan, Şuşa, Şamaxı, Şamxor, Qubadlı, Zəngəzur) təşkil olunmuşdu.

 

8 aprel 1992 – Ermənistan silahlı dəstələri Azərbaycanın Kəlbəcər rayonunun Ağdaban kəndinə hücum edərək kütləvi qırğın törədiblər. 130 evdən ibarət kənd yandırılıb, kəndin 39 sakini (o cümlədən 8 qoca, 2 uşaq, 9 qadın) qətlə yetirilib.

 

Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)

 

8 aprel 1692 – İtalyan bəstəkarı Cüzeppe Tartini (1692–1770) anadan olub. “Şeytan sonatası” (“Sonate du diable”) ilə məşhurluq qazanıb.

 

8 aprel 1859 – Alman filosofu, fenomenologiyanın banisi Edmund Husserl (1859–1938) anadan olub.

 

8 aprel 1956 – Azərbaycanın Əməkdar artisti, tanınmış müğənni, bəstəkar Yaqub Zurufçu (1956 – 14.9.2021) Təbriz şəhərində anadan olub.

 

8 aprel 1973 – Dünya şöhrətli ispan rəssamı, heykəltəraş Pablo Pikasso (Pablo Ruiz Picasso; 25.10.1881 – 1973) vəfat edib. Kubizm cərəyanının banilərindən biridir. Məşhur əsərləri: "Avinyonlu qızlar", "Gernika".

 

8 aprel 2021 – Əməkdar incəsənət xadimi, televiziya rejissoru Məhərrəm Əlisəftər oğlu Bədirzadə (13.1.1945 – 2021) vəfat edib.

 

8 aprel 2022 – Əməkdar elm xadimi, akademik, tanınmış etnoqraf Teymur Əmiraslan oğlu Bünyadov (20.1.1928 – 2022) vəfat edib.

 

Hazırladı: Vüqar Orxan