Məlum olduğu kimi, Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi, Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə növbəti Uşaq İncəsənət Festivalı keçiriləcək.

Azərbaycanın müxtəlif bölgələrindən olan, yaradıcılıq bacarıqlarına güvənən, 6-17 yaş aralığında uşaq və yeniyetmələr peşəkar və həvəskar kateqoriyalar üzrə festivalda iştirak edə bilərlər.

Festival istedadlı uşaqları kəşf etmək, onların yaradıcılığını ön plana çıxarmaq, milli mədəniyyətə olan sevgini gücləndirərək zəngin mədəni irsimizi gələcək nəslə ötürmək məqsədilə təşkil olunur.

Təşkilat komitəsi tərəfindən festivalda iştirakla bağlı müvafiq addımlar atılır. Gəncə şəhərində “Uşaq İncəsənət Festivalı – 2025” ilə bağlı məlumatlandırma görüşü keçirilib. Tədbirdə festivalın əsas məqsəd və vəzifələri, keçirilmə qaydaları və iştirak şərtləri tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Tədbirdə festivalın konsepsiyası, müraciət proseduru və festival daxilində reallaşdırılacaq layihələr barədə ətraflı videotəqdimat edilib. Tədbirə qatılan uşaqlara festivalda qeydiyyat keçməklə bağlı müraciət qaydaları izah olunub.

Sonda istedadlı uşaqların iştirakı ilə müxtəlif bədii nömrələr təqdim edilib.

Tədbir iştirakçıları festivalın uşaqların yaradıcılığını dəstəkləmək və incəsənətə marağı artırmaq baxımından mühüm rol oynadığını qeyd ediblər.

Xatırladaq ki, festivalda iştirak üçün qeydiyyat martın 31-dək www.uif.az saytı vasitəsilə aparılır.