Tarixdəki olaylar

 

28 mart 1919 – Azərbaycanda ilk milli təhlükəsizlik orqanı yaradılıb. Xalq Cümhuriyyəti Hərbi Nazirliyi tərkibində təşkil edilən kəşfiyyat və əks-kəşfiyyat bölməsinə Məmmədbağır Şeyxzamanlı rəhbər təyin edilib. Sovetləşmədən sonra əksər rəhbər heyət güllələnib. Sovet dövründə qurum əvvəlcə Fövqəladə Komissiya (“ÇK”) adlanıb, bir müddət Daxili İşlər Xalq Komissarlığının (“NKVD”) tərkibində fəaliyyət göstərib, sonra Dövlət Təhlükəsizlik Komitəsi təşkil olunub. Azərbaycan müstəqilliyini bərpa etdikdən (1991) sonra Milli Təhlükəsizlik Nazirliyi (MTN) yaranıb. Prezident Heydər Əliyevin 1997-ci il 23 mart tarixli fərmanı ilə 28 martMilli təhlükəsizlik orqanları işçilərinin peşə bayramı günü elan olunub. Prezident İlham Əliyevin 2015-ci il 14 dekabr tarixli fərmanı ilə MTN-nin əsasında Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılıb.

 

Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)

 

28 mart 1483 – İtalyan rəssamı, memar Rafael (Raffaello Santi; 1483 – 6.4.1520) anadan olub. Məşhur “Sistin madonnası” (“Madonna Sistina”) əsərinin müəllifi, Romadakı Müqəddəs Pyotr kilsəsinin memarıdır.

 

28 mart 1868 – Rus yazıçısı və dramaturqu Maksim Qorki (Aleksey Maksimoviç Peşkov; (1868 – 8.6.1936) anadan olub. Əsərləri: “Ana”, “Foma Qordeyev”, “Artamonovların işi”, “Klim Samqinin həyatı” (romanlar); “Meşşanlar”, “Həyatın dibində”, “Yeqor Bulıçev və başqaları”, “Vassa Jeleznova” (pyeslər) və s.

 

28 mart 1886 – SSRİ Xalq artisti Sidqi Ruhulla (Ruhulla Fətulla oğlu Axundov; 1886 – 5.5.1959) Bakının Buzovna kəndində doğulub. Tiflisdə Azərbaycan teatrının inkişafında, Təbrizdə milli teatrın yaradılmasında xidmətlər göstərib. 1924-cü ildən Azərbaycan Dövlət Dram Teatrında çalışıb, filmlərdə çəkilib.

 

28 mart 1895 – Tanınmış ədəbiyyatşünas, tərcüməçi Əziz Şərif (Əziz Qurbanəli oğlu Şərifzadə; 1895 – 1.6.1989) Naxçıvan şəhərində doğulub. Moskva Dövlət Universitetinin professoru olub.

 

28 mart 1896 – Əməkdar artist Əli Fətulla oğlu Şahsabahlı (1896–1973) Tiflisdə doğulub. İrəvan Dövlət Azərbaycan Dram Teatrında çalışıb.

 

28 mart 1924 – Şair, tərcüməçi, Dövlət mükafatı laureatı Teymur Elçin (Teymur Süleyman oğlu Əliyev; 1924 – 14.3.1992) Şuşa şəhərində anadan olub. Uşaqlar üçün əsərlərin müəllifidir, rus ədəbiyyatından tərcümələr edib. Respublika Televiziya və Radio Verilişləri Komitəsinin sədri işləyib.

 

28 mart 1940 – Əməkdar rəssam, dekorativ-tətbiqi sənət ustası Ağasaleh Məmmədhüseyn oğlu Nuriyev (1940 – 23.2.2023) Bakıda anadan olub.

 

28 mart 2024 – Əməkdar artist, teatr və kino aktyoru Rahib Seyidağa oğlu Əliyev (12.7.1945 – 2024) vəfat edib.

 

Hazırladı: Vüqar Orxan