Tarixdəki olaylar
26 mart 1971 – Banqladeş Pakistandan ayrılıb. Britaniyanın müstəmləkəsi olan Banqladeş 1947-ci ildə Pakistan müstəqillik qazanarkən bu dövlətin tərkibində əyalət (Şərqi Benqaliya) idi. 1971-ci ildə referendum nəticəsində Pakistandan ayrılaraq müstəqil dövlət oldu.
26 mart 1979 – Vaşinqtonda (Kemp-Devid iqamətgahı) ABŞ-nin vasitəçiliyi ilə ilyarım sürən İsrail-Misir danışıqları sülh müqaviləsi ilə yekunlaşıb. İsrailin Baş naziri Menahem Beqin və Misir Prezidenti Ənvər Sədatın imzaladığı müqaviləyə (“torpaq əvəzinə sülh”) əsasən, İsrail işğal etdiyi Sinay yarımadasından çəkilib, Misir də onun suverenliyini qeyd-şərtsiz tanıyıb.
26 mart 1989 – SSRİ-də alternativlik şəraitində ilk seçki keçirilib. SSRİ Xalq Deputatları Qurultayının 2250 deputat (ərazi, milli-ərazi seçki dairələri və ictimai təşkilatlar üzrə 750 nəfər kvota) yeri uğrunda 10 min namizəd mübarizə aparıb.
26 mart 1998 – Prezident Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında” fərman imzalayıb. Fərmanda XIX əsrin əvvəlində Şimali Azərbaycanın Rusiyaya ilhaqından sonra ermənilərin Azərbaycan torpaqlarına köçürülməsinə, azərbaycanlılara qarşı həyata keçirilmiş soyqırımı siyasətinə tarixi-siyasi qiymət verilib. Sənəddə erməni millətçi qüvvələri tərəfindən azərbaycanlılara qarşı 1905-1907, 1918-ci illərdə həyata keçirilmiş qətliamlar, onların Ermənistan ərazisindəki tarixi yurdlarından 1948-1953-cü illərdəki deportasiyası, 1988-ci ildə Ermənistanda azərbaycanlılara qarşı etnik təmizləmənin aparılması təhlil olunub. Fərmanla 1918-ci il soyqırımının ən qanlı günlərindən biri – 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilib.
26 mart 2005 – Yeni Azərbaycan Partiyasının III qurultayında Prezident İlham Əliyev partiyanın yeni sədri seçilib. İlham Əliyev 1999-cu ilin dekabrında YAP sədrinin müavini, 2001-ci ilin noyabrında isə sədrin 1-ci müavini seçilmişdi.
Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)
26 mart 1893 – Opera müğənnisi, Xalq artisti Fatma Səttar qızı Muxtarova (1893 – 19.10.1972) Cənubi Azərbaycanın Urmiya şəhərində doğulub. 1938-ci ildən Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub.
26 mart 1902 – Əməkdar artist, xanəndə Yavər Əli qızı Kələntərli (1902 – 5.2.1979) Şamaxıda anadan olub.
26 mart 1910 – Görkəmli aktyor, SSRİ Xalq artisti Ələsgər Hacıağa oğlu Ələkbərov; 1910 – 31.1.1963) anadan olub. 1933-cü ildən Akademik Milli Dram Teatrında fəaliyyət göstərib. Filmlərdə unudulmaz obrazlar yaradıb.
26 mart 1910 – Yazıçı-dramaturq Sabit Rəhman (Sabit Kərim oğlu Mahmudov; 1910 – 21.9.1970) Şəkidə anadan olub. Pyesləri: “Toy”, “Xoşbəxtlər”, “Əliqulu evlənir”, “Nişanlı qız” və s. “Əhməd haradadır?”, “Ulduz” filmlərinin ssenari müəllifidir.
26 mart 1911 – Amerika yazıçı-dramaturqu Tenessi Uilyams (Tennessee Williams, 1911-1983) anadan olub. Pyesləri: “Arzu” tramvayı” (Azərbaycanda da tamaşaya qoyulub), “Şüşə qəfəs”, “İquana gecəsi” və s. Əsərləri əsasında filmlər çəkilib.
26 mart 1919 – Əməkdar artist Əminə Abbas qızı Nağıyeva (1919–1977) anadan olub. Akademik Milli Dram Teatrında çalışıb, filmlərə çəkilib.
26 mart 1926 – Tarixçi alim, AMEA-nın müxbir üzvü Oqtay Əbdülkərim oğlu Əfəndiyev (1926–2013) Bakıda anadan olub.
Hazırladı: Vüqar Orxan