Bakı Slavyan Universitetinin (BSU) rektoru Anar Nağıyev martın 19-da Quba rayonunun Rəhman Məmmədov adına Alekseyevka kənd tam orta məktəbində yuxarı sinif şagirdləri ilə görüş keçirib.
Universitetdən bildirilib ki, “Yeni dövrün Azərbaycanı” mövzusunda təşkil edilən seminarda çıxış edən rektor Anar Nağıyev Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edildiyini vurğulayıb və BSU-nun bu çərçivədə regionlarda məktəblilərlə maarifləndirici görüşlərin nəzərdə tutulduğunu diqqətə çatdırıb.
Rektor çıxışında Ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycanın formalaşması və inkişafı istiqamətindəki misilsiz xidmətlərindən bəhs edərək, onun rəhbərliyi ilə 1993-cü ildən sonra ölkənin hüquqi bazasının təkmilləşdirilməsi və 1995-ci ildə ilk Konstitusiyanın qəbul edilməsi prosesindən danışıb. O, həmçinin Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın suverenliyinin tam bərqərar olmasını, işğaldan azad edilən ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinin aparıldığını, 2003-cü ildə dövlət başçısının xalqa verdiyi vədlərin ardıcıl şəkildə yerinə yetirildiyini, həmçinin Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni dövrün Azərbaycanının daha böyük uğurlara hədəfləndiyini vurğulayıb.
Digər çıxışlarda Konstitusiya və suverenlik mövzularında fikirlər səsləndirilib.
BSU-nun “Gənc məktəbli dostu”, Quba rayonu Mehrab Niftaliyev adına texniki təmayüllü liseyin XI sinif şagirdi, robototexnika sahəsində mükafatlara layiq görülən Zamiq Şükürov da öz həmyaşıdlarına qazandığı uğurlardan danışıb.
Sonda məktəblilərə fəal iştiraklarına görə sertifikatlar təqdim olunub.