Azərbaycanın görkəmli ictimai-siyasi və dövlət xadimi Nəriman Nərimanovun (1870–1925) vəfatından 100 il ötür. Nəriman Nərimanovun 1925-ci ilin 19 martında Moskvada qəfil ölümü müəmmalarla doludur. O, ölümündən az öncə oğlu Nəcəfə və onun simasında gələcək nəsillərə xitabən bir məktub qələmə almışdı... "Bitməmiş məktub”...

Martın 18-də Nəriman Nərimanovun Bakıdakı xatirə muzeyində “Bitməmiş məktub və nakam ömür” adlı tədbir keçirilib.

Əvvəlcə tədbir iştirakçıları N.Nərimanovun şəhərdəki abidəsini ziyarət edib və heykəlin önünə çiçək dəstələri düzüblər. Sonra tədbir muzeydə davam etdirilib.

Direktor Ləman Hüseynova muzeydə görkəmli ictimai-siyasi və dövlət xadiminin irsinin yaşadılması naminə görülən işlərdən danışıb.

Dövlət İdarəçilik Akademiyasının Tarix kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru Firdovsiyyə Əhmədova çıxış edərək N.Nərimanovun ömrünün mühüm hissəsinin qəlbən inandığı və həyatının başlıca vəzifəsi sayaraq müqəddəs amala çevirdiyi xalq işi uğrunda ardıcıl mübarizələrdən keçməsindən, milli maraqları daim üstün tutan rəhbər kimi taleyüklü problemlərə münasibətdə xalqımızın mənəvi imkanlarının ən son həddinədək müdafiə etməsindən söz açıb.

Tədbirdə N.Nərimanovun oğlu Nəcəfə ünvanladığı “Bitməmiş məktub”un əlyazması təqdim edilib.

N.Nərimanovun və oğlu Nəcəfin həyatından bəhs olunan videoçarx nümayiş olunub.

Sonda iştirakçılar muzeyin fonduna yeni daxil olan tədqiqat əsərləri, kitab, qəzet, jurnallar və N.Nərimanovun müxtəlif illərdə çəkilmiş portretlərindən ibarət sərgi ilə də tanış olublar.

Tədbirdə Dövlət İdarəçilik Akademiyasının (DİA) professoru Həvva Məmmədova, AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun şöbə müdiri, fəlsəfə elmləri doktoru Arzu Hacıyeva, DİA-nın dosenti, tarix üzrə fəlsəfə doktoru Rəna Bayramova və N.Nərimanovun tədqiqatçısı Füzuli Əhmədov, Azərbaycan Milli Tarix Muzeyinin şöbə müdiri Zümrüd İsmayılova, A.Şaiqin mənzil-muzeyinin müdiri Ülkər Talıbzadə, digər qonaqlar, tələbələr, muzey fəalları iştirak ediblər.