21 mart Beynəlxalq Novruz Günüdür (International Nowruz Day). BMT Baş Assambleyasının 23 fevral 2010-cu il tarixli qətnaməsi ilə təsis olunub. 2009-cu ildə (30 sentyabr) Novruz UNESCO-nun “Bəşəriyyətin Qeyri-Maddi İrsinin Reprezentativ Siyahısı”na salınandan sonra BMT-də bu bayrama beynəlxalq status verilib.

 

21 mart Dünya Poeziya Günüdür (World Poetry Day). 1999-cu ildə UNESCO tərəfindən dünyadakı dil müxtəlifliyini təşviq etmək və yox olmaqda olan dilləri poeziya vasitəsilə dəstəkləmək məqsədilə təsis edilib.

 

Tarixdəki olaylar

 

21 mart 1735 – Səfəvi dövləti ilə Rusiya arasında Gəncə müqaviləsi bağlanıb. Müqaviləyə əsasən, rus qoşunlarının Xəzəryanı Azərbaycan torpaqlarından çıxması başa çatıb. Səfəvilər 1723-cü ildə Osmanlı ilə müharibədə Rusiyanın dəstəyini qazanmaq üçün Dərbənddən Ənzəliyədək Xəzəryanı əraziləri rusların müvəqqəti nəzarətinə vermişdi.

 

21 mart 1920 – Qarabağda və Gəncəbasarda erməni silahlı dəstələri Xalq Cümhuriyyətinə qarşı qiyam qaldırıb. Bu arada Azərbaycanın şimal sərhədi yaxınlığında Rusiyanın XI ordusu ölkəyə müdaxiləyə hazırlaşırdı.

 

Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)

 

21 mart 1685 – Dahi alman bəstəkarı və orqan ifaçısı Yohann Sebastyan Bax (Johann Sebástian Bach; 1685 – 28.7.1750) anadan olub.

 

21 mart 1839 – Rus bəstəkarı Modest Petroviç Musoqrski (1839 – 28.3.1881) anadan olub. “Boris Qodunov” operasının müəllifidir.

 

21 mart 1896 – Azərbaycanın Xalq artisti Kazım Ziya (Kazım Cəfər oğlu Kazımzadə; 1896 – 20.11.1956) Ordubad rayonunun Yuxarı Əylis kəndində doğulub. “Səbuhi”, “Fətəli xan” filmlərində çəkilib.

 

21 mart 1898 – Xalq artisti İsmayıl Məmmədəli oğlu Talıblı (Talıbzadə; 1898–1967) anadan olub. Akademik Milli Dram, Gəncə Dövlət Dram teatrlarında çalışıb, filmlərə çəkilib.

 

21 mart 1900 – Əməkdar elm xadimi, türkoloq Muxtar Hüseyn oğlu Hüseynzadə (1900–1985) Güney Azərbaycanın Mərənd vilayətinin Zunuz kəndində anadan olub.

 

21 mart 1906 – Azərbaycanın ilk Xalq şairi Səməd Vurğun (Səməd Yusif oğlu Vəkilov; 1906 – 27.5.1956) Qazax rayonunun Yuxarı Salahlı kəndində doğulub. 20-dən çox poemanın, “Vaqif”, “Fərhad və Şirin”, “İnsan” və s. mənzum dramların müəllifidir. Azərbaycan Yazıçılar İttifaqının sədri (1941–1948) olub.

 

21 mart 1910 – Əməkdar artist Reyhan Qəmbər qızı Tağıyeva (1910–1973) Tiflisdə doğulub. Tiflis Azərbaycan Teatrının ilk aktrisalarındandır. 1956-cı ildən Gəncə teatrında çalışıb.

 

21 mart 1914 – Xalq artisti Hüseynağa Ələsgər oğlu Sadıqov (1914 – 23.2.1983) anadan olub. 50 ilə yaxın Gənc Tamaşaçılar Teatrında çalışıb. Filmlərdə yaddaqalan obrazlar yaradıb.

 

21 mart 1920 – Xalq rəssamı Ağa Cəfər oğlu Mehdiyev (1920 – 15.5.2003) İsmayıllı rayonunun Lahıc kəndində anadan olub.

 

21 mart 1921 – Yazıçı-jurnalist, Əməkdar mədəniyyət işçisi, professor Nurəddin Həsən oğlu Babayev (1921–1991) Gəncə şəhərində doğulub. BDU-da Jurnalistika fakültəsinin ilk dekanı olub.

 

21 mart 1924 – Tanınmış aşıq, Əməkdar mədəniyyət işçisi Mikayıl Cabbar oğlu Azaflı (Zeynalov, 1924 – 12.10.1990) Tovuz rayonunun Azaflı kəndində doğulub.

 

21 mart 1968 – Əməkdar artist, vokal ifaçısı Aliyə Ramazan qızı Terequlova (1915-1968) vəfat edib. Opera və Balet, Musiqili Komediya teatrlarında opera və operettalarda çıxış edib, Gənc Tamaşaçılar Teatrında çalışıb.

 

21 mart 2021 – Xalq artisti Ramiz Soltan oğlu Məmmədov (26.9.1951 – 2021) vəfat edib. Akademik Musiqili Teatrda çalışıb.

 Hazırladı: Vüqar Orxan