Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) İxtisas musiqi məktəb-studiyasının şagirdlərindən ibarət Tərlan Seyidov adına Uşaq opera teatrı görkəmli bəstəkar, Əməkdar incəsənət xadimi Cavanşir Quliyevin “Günəşin musiqi dəftəri” fortepiano silsiləsinə əsaslanan musiqili tamaşanı səhnələşdirib.

BMA-dan bildirilib ki, T.Seyidov adına Uşaq opera teatrının bədii rəhbəri sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Sevda Məmmədova, tamaşanın rejissoru Məzahir Həşimov, poetik mətnin müəllifi sənətşünaslıq üzrə fəlsəfə doktoru Aytən Baxşiyevadır.

Əsərin əsas qəhrəmanı olan Günəş adlı balaca qızcığazın əlvan rənglərlə dolu nağıl dünyası tamaşaçıların marağına səbəb olub. Günəşin heyrətamiz aləminə səyahət həm bu il 75 illik yubileyini qeyd edəcək Cavanşir Quliyevə, həm də uşaqlara yaddaqalan hədiyyə olub.

Günəşin sərgüzəştləri məktəb-studiya şagirdlərinin silsilədən ifa etdikləri pyeslər fonunda canlandırılıb. Tamaşada uşaqlar yalnız musiqini ifa etməyib, eyni zamanda mütəşəkkil şəkildə Günəş obrazının incəliklərini çatdırmağa çalışıblar. Aytən Baxşiyevanın yaratdığı poetik mətn Günəşin daxili dünyasını açır və tamaşaçılara balaca qızın saf aləmini, təəssürat və hisslərini çatdırır, habelə babasının gözü ilə sevimli nəvəsini təsvir edir.

Tədbirin sonunda Cavanşir Quliyev çıxış edərək musiqili tamaşanın ərsəyə gəlməsində əməyi keçən yaradıcı heyətə təşəkkürünü bildirib. Bəstəkar vurğulayıb ki, müəllifi olduğu fortepiano silsiləsi əsasında musiqili tamaşa təfsiri onu sevindirib.