
Azərbaycan Bəstəkarlar İttifaqı (ABİ) idarə heyətinin növbəti iclası keçirilib.
Bəstəkarlar İttifaqının sədri, AMEA-nın müxbir üzvü, Xalq artisti, professor Firəngiz Əlizadə ittifaqın 2024-cü ildə fəaliyyəti və cari il üzrə iş planı haqqında ətraflı məlumat verib.
Azərbaycanın Vətən müharibəsində şanlı Qələbəsinin 5-ci ildönümünə həsr olunmuş müxtəlif tərkibli xor və orkestrlər üçün əsərlərin yazılması üzrə milli bəstəkarlıq, dahi Üzeyir Hacıbəylinin 140 illik yubileyi ilə əlaqədar olaraq musiqişünaslıq müsabiqələri və digər silsilə tədbirlər haqqında idarə heyətinin üzvləri ilə müzakirələr aparılıb.
İdarə heyətinin üzvləri ABİ-nin nəzərdə tutulan tədbirləri ilə bağlı təklif və fikirlərini bölüşüblər.
İclasın gündəliyindəki məsələlərdən biri də ABİ-nin katiblərinin seçilməsi olub.
Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Elnarə Dadaşova və sənətşünaslıq üzrə elmlər doktoru, dosent Leyla Zöhrabova Bəstəkarlar İttifaqının katibləri seçiliblər.