Milli Teatr Günü münasibətilə kitabxanalarda sərgilər təşkil edilib...

10 mart ölkəmizdə Milli Teatr Günüdür. Milli peşəkar teatrımızın 152 yaşı tamam olur. 1873-cü il martın 10-da Bakıda maarifçi Həsən bəy Zərdabinin təşəbbüsü, dramaturq Nəcəf bəy Vəzirov, aktyor Əsgər ağa Adıgözəlov (Gorani) və Realnı məktəbin şagirdlərinin iştirakı ilə Mirzə Fətəli Axundzadənin “Lənkəran xanının vəziri” komediyası səhnələşdirilib.

Azərbaycanda peşəkar milli teatrın yaranması bu tarixdən hesablanır və uzun illər 10 mart teatr ictimaiyyəti tərəfindən peşə bayramı kimi qeyd olunub. Prezident İlham Əliyevin 2013-cü ildə (1 mart) imzaladığı sərəncamla Milli Teatr Günü təqvimimizdə daha böyük dəyər qazanıb.

***

Əlamətdar gün münasibətilə Azərbaycan Milli Kitabxanasında “10 mart – Milli Tеatr Günü” adlı sərgi təşkil olunub.

Kitabxanadan bildirilib ki, sərgidə Azərbaycan teatrının tarixi, təşəkkülü, inkişaf yolu, əsas yaradıcılıq mərhələləri, bədii-estetik səciyyələri, poetikasının əsasları, janr üslub müxtəlifliyi, elmi-nəzəri prinsipləri, sənət ocaqlarının fəaliyyəti, görkəmli, məşhur, unudulmaz, fədakar teatr xadimləri, səhnə fədailəri və s. haqqında, müəlliflərin apardıqları elmi-nəzəri teatrşünaslıq araşdırmaları Azərbaycan və xarici dillərdə ədəbiyyatlar nümayiş olunur.

Sərgi bir həftə davam edəcək.

Milli Kitabxanada “10 mart –- Milli Teatr Günü” adlı virtual sərgi də onlayn rejimdə istifadəçilərə təqdim olunub. 

Kitabxanadan bildirilib ki, virtual sərgidə Milli Teatr Gününün təsis edilməsi haqqında ölkə başçısının sərəncamı, Azərbaycan teatr sənətinin qədim və zəngin tarixi yolu, peşəkar milli teatrının yaradılması, teatr ensiklopediyaları və antologiyaları, ayrı-ayrı şəhərlərimizdəki sənət ocaqlarının fəaliyyəti və s. haqqında dövri mətbuatda çap olunan məqalələr, fotolar, kitablar nümayiş olunur.

Virtual sərgi ilə bu linkindən tanış ola bilərsiniz.

***

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Milli Teatr Günü münasibətilə silsilə materiallar – biblioqrafik icmal, virtual və ənənəvi kitab sərgiləri hazırlanıb.

Kitabxanadan bildirilib ki, biblioqrafik icmalda xalqımızın böyük mədəni sərvəti olan peşəkar milli teatrın yaranması və inkişafı mərhələləri haqqında məlumatlar, Prezident İlham Əliyev tərəfindən imzalanan və Azərbaycan peşəkar milli teatrının inkişafına xidmət edən bir sıra dövlət sənədlərinin tam mətni, görkəmli şəxslərin teatr sənəti haqqında söylədikləri dəyərli fikirlər yer alır.

Kitabxananın saytında yerləşdirilən https://ryl.az/funds/biblioqrafik-icmal materialda Ulu öndər Heydər Əliyevin teatra və yaradıcı insanlara göstərdiyi diqqət və qayğı, Azərbaycan teatrının 10 illik inkişaf perspektivlərini müəyyənləşdirən Dövlət proqramı çərçivəsində görülən işlər, Azərbaycan teatrlarının dünyanın bir çox ölkəsində keçirilən beynəlxalq tədbirlərdə ölkəmizi layiqincə təmsil etməsi haqqında məlumatlar əksini tapıb. Materiallarda “Milli teatr haqqında”, “Görkəmli səhnə ustaları” və “Rejissorlar” başlıqları altında “Heydər Əliyev: Sənət, sənətkarlar və sənətkarlıq haqqında”, “Heydər Əliyev mədəni irsimizin keşiyində”, “Azərbaycan teatr tarixi”, “Hüseyn Cavid və Naxçıvan teatrı”, “Azərbaycan müəlliflərinin əsərləri akademik teatrda”, “Səhnəyə qovuşan cığırlar” kimi 30-dan artıq kitabın biblioqrafik təsviri, qısa annotasiyası və elektron keçidi təqdim edilir.

“Böyük mədəniyyət, tükənməyən sevgi – Milli teatr” adlı virtual kitab sərgisində milli operetta aktyorluğunun inkişafında misilsiz xidmətləri olan Xalq artisti Nəsibə Zeynalova, yaddaqalan obrazlarla bu gün də qəlblərdə yaşayan Xalq artisti Bəşir Səfəroğlu və digər korifey sənətkarlar haqqında məlumat verilir, onların tamaşalarından fraqmentlər nümayiş olunur.

Gənclər Kitabxanasında "10 mart – Milli Teatr Günü" adlı ənənəvi kitab sərgisi də təşkil olunub. Burada Azərbaycan teatr sənətinin tarixindən, görkəmli nümayəndələri-korifey sənətkarların həyat və yaradıcılığından bəhs edilən kitablar, dərsliklər kitabxana əməkdaşları tərəfindən Milli Teatr Günü ilə əlaqədar hazırlanan biblioqrafik vəsaitlər sərgilənir.

Milli Teatr Günü ilə əlaqədar hazırlanan materiallar kitabxananın saytında yerləşdirilib.

***

F. Köçərli adına Respublika Uşaq Kitabxanasının da teatrımızın bayramına töhfəsi var. Kitabxannın Məlumat-bibliografiya şöbəsi tərəfindən bu gün münasibətilə slayd hazırlanb. Slaydda mövza ilə bağlı 87 adda kitab, teatrın tarixi, onun inkişaf mərhələləri, tanınmış teatr xadimləri və Azərbaycan teatrının spesifik xüsusiyyətləri ilə bağlı məlumatlar yer alır. Slaydda həmçinin, uşaqlar üçün nəzərdə tutulmuş teatr əsərləri, teatr fəaliyyəti haqqında kitablar, elmi məqalələr və digər resurslar toplanıb.

Biblioqrafik slayd gənc oxuculara teatr sənətini daha yaxından tanıtmaq və onları bu sahəyə yönləndirmək məqsədilə tərtib edilib.  

Aşağıda qeyd olunan link vasitəsi ilə slayd ilə tanış ola bilərsiniz: https://youtu.be/Y0PA5eWAMRw

***

Qeyd edək ki, Azərbaycan teatrı XIX əsrin taleyüklü ictimai-siyasi hadisələri fonunda köklü dəyişikliklər baş verərkən böyük maarifçi Mirzə Fətəli Axundzadənin ədəbiyyatımıza dram janrını gətirdiyi və xalq teatrının peşəkar milli teatra çevrildiyi bir vaxtda təşəkkül tapıb. Həmin dövrdə ziyalılarımızın Bakı, Şuşa, Şəki, Lənkəran, Naxçıvan, Tiflis və İrəvanda təşkil etdikləri tamaşalar bu şəhərlərin mədəni həyatında mühüm rol oynayıb. Cahangir Zeynalov, Hüseynqulu Sarabski, Mirzəağa Əliyev, Hüseyn Ərəblinski, Ülvi Rəcəb, Abbas Mirzə Şərifzadə, Mustafa Mərdanov, Məmmədrza Şeyxzamanov, Ağasadıq Gəraybəyli, Əliağa Ağayev, Lütfəli Abdullayev, Nəsibə Zeynalova, Mərziyə Davudova kimi sənət fədailəri milli səhnə sənətinin inkişafına misilsiz töhfələr veriblər. 

Azərbaycan teatrı xalqımızın mədəni sərvətidir. Həmin sərvətin qorunması və inkişaf etdirilməsi Azərbaycan dövlətinin mədəniyyət siyasətinin əsas prioritetlərindən biridir. Prezident İlham Əliyevin 3 fevral 2023-cü il tarixli sərəncamı ilə Azərbaycan teatrının 150 illik yubileyi geniş şəkildə qeyd edilib.

Teatra həyatını həsr edən, teatrla yaşayan, teatrı sevən, teatrda sevilən hər kəsin sənət bayramı mübarək!