Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) təşkilatçılığı, Azərbaycan Milli Kitabxanasının tərəfdaşlığı, Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə Şəki şəhəri və ətraf rayonlarda yerləşən kitabxanaların əməkdaşlarının peşəkar inkişafına töhfə vermək, onların müasir kitabxana idarəçiliyi, rəqəmsal resurslardan istifadə və oxucuların xidmət sahəsində yeni metodoloji yanaşmalarla tanış olmalarını təmin etmək məqsədilə Şəki şəhər Heydər Əliyev Mərkəzində təlim keçirilib.
Mərkəzdən bildirilib ki, əvvəlcə MEMİM-in direktoru vəzifəsini icra edən Vüqar Hümbətov və Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsini icra edən Emil Bədəlov çıxış edərək təlimin kitabxana əməkdaşlarının təkmilləşməsi üçün əhəmiyyətinə diqqət çəkiblər.
Sonra Azərbaycan Milli Kitabxanasının direktor müavini, tarix üzrə fəlsəfə doktoru Ədibə İsmayılova və Milli Kitabxananın şöbə müdiri Sevinc Əfəndiyeva “Müasir kitabxanalarda elektron – informasiya xidmətinin təşkili” və “KOHA Avtomatlaşdırılmış Kitabxana İdarəetmə Sisteminin kitabxanalarda tətbiqi” mövzularında məruzə və təqdimatla çıxış ediblər.
Treninqdə Şəki ilə yanaşı Qəbələ, Oğuz, Qax, Zaqatala və Balakən rayonlarından kitabxana əməkdaşları iştirak ediblər.
Sonda mövzular ətrafında müzakirələr aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Tədbir çərçivəsində Milli Kitabxananın nəşrlərinin təqdimatı keçirilib və kitablar yerli kitabxanalara hədiyyə edilib.