Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Şüvəlan qəsəbə Mədəniyyət evinin “Səma” rəqs ansamblı Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında “Türkün səsi” adlı konsert proqramı ilə çıxış edib.
Konserti Milli Məclisin deputatları, diplomatik korpusun təmsilçiləri, mədəniyyət işçiləri və digər qonaqlar izləyiblər.
Konsertdən öncə Mədəniyyət evində fəaliyyət göstərən rəsm kursu şagirdlərinin “Türkün səsi” adlı sərgisi nümayiş olunub.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilib və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Daha sonra aparıcı qonaqları salamlayaraq “Səma” rəqs ansamblının fəaliyyəti haqqında məlumat verib. Bildirib ki, ansamblda 200-dən çox 4-18 yaş qrupunda oğlan və qız fəaliyyət göstərir. Ansambl Azərbaycanda keçirilən dövlət tədbirlərində fəal iştirak edir və bir çox ölkələrdə çıxış edərək uğur qazanıb.
Konsert proqramında “Səma”nın ifasında Azərbaycan və dünya xalqlarının rəqsləri nümayiş olunub.