İçərişəhərdə yerləşən “Ədibin Evi”ndə “Azərbaycan dili dövlət dilidir” mövzusunda müzakirə keçirilib. Tədbirdə Suraxanı rayonu 279 nömrəli tam orta məktəbin yuxarı sinif şagirdləri iştirak ediblər.

Milli Məclisin deputatı Qaya Məmmədov çıxış edərək Azərbaycanın dilini bilməyin əhəmiyyətini diqqətə çatdırıb. “Azərbaycanın yerləşdiyi coğrafi bölgədə çox dil bilmək üstünlükdür, lakin Azərbaycan vətəndaşları üçün Azərbaycan dilini bilmək zərurətdir” deyən millət vəkili bu il Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edildiyini xatırladıb. 1995-ci ildə ümumxalq referendumu ilə qəbul edilən dövlətin əsas qanunlar toplusu layihə şəklində hazırlanarkən bir sıra məsələlərlə yanaşı, dövlət dili məsələsi də geniş ictimai müzakirələrə səbəb olub. Konstitusiyanın 21-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Bununla yanaşı, multikultural cəmiyyətimizdə əhalinin danışdığı digər dillərin də sərbəst işlədilməsi və inkişafı təmin olunur. Dövlətçilik atributlarından biri olmaqla yanaşı, Azərbaycan dili həm də əsrlərin sınağından keçərək xalqımızın ən ali milli dəyəri kimi bütün dünyada yaşayan azərbaycanlıların həmrəyliyinin sarsılmaz təməlidir.

Məktəblilərlə müzakirəni davam etdirən “Ədibin Evi”nin icraçı direktoru Şəfəq Mehrəliyeva bildirib ki, dil və mədəniyyət bir-biri ilə sıx bağlıdır. Azərbaycan dili cəmiyyət olaraq bizim ənənə və dəyərlərimizi əks etdirir, eyni zamanda azərbaycançılıq məfhumunu tam anlamaq üçün şərtdir. Hazırda rəqəmsal dünyada böyüyən gənclər sərhədsiz virtual məkanda digər dilləri tez mənimsəsələr də, Azərbaycan dilinin davamlı olaraq müasir dünyaya uyğunlaşması və inkişafı üçün bu dildə danışan nəsillər biri-birini əvəzləməli və dili yaşatmalıdır. “Ədibin Evi”nin missiyasının milli ədəbiyyatımızın və ədəbi irsimizin tədqiq və təbliği olduğunu bildirən Şəfəq Mehrəliyeva dövlət dilini mükəmməl öyrənmək üçün Azərbaycan dilində zəngin ədəbi xəzinəmizi mütaliə etməyin ən yaxşı vasitələrdən olduğunu qeyd edib.

Tədbirin sonunda məktəblilərə Azərbaycanın görkəmli yazıçısı, alimi və pedaqoqu Mir Cəlalın dahi şairimiz Nizami Gəncəvinin “Xəmsə”sindən Azərbaycan dilində nəsrə çevirdiyi hissələrdən ibarət kitablar hədiyyə olunub.

Qeyd edək ki, Suraxanı məktəbliləri ilə görüş “Balakhani Operating Company" LTD-nin dəstəyi ilə həyata keçirilən “Məktəblilər "Ədibin Evi"ndə” layihəsi çərçivəsində gerçəkləşib. Birillik layihə zamanı hasilat şirkətinin fəaliyyət göstərdiyi Sabunçu və Suraxanı rayonları ərazilərindəki məktəblilər “Ədibin Evi”ndə “Azərbaycançılıq” ideologiyasını müxtəlif aspektlərdən müzakirə edən silsilə görüşlərdə iştirak edəcəklər.