AMEA-nın Folklor İnstitutu Elmi şurasının qərarı ilə “Naftalan folklor örnəkləri” toplusu nəşr olunub.

İnstitutdan bildirilib ki, kitabdakı materiallar 2023-cü ildə Naftalan rayonundan toplanılıb. Kitab “Mifoloji mətnlər, əfsanə və rəvayətlər”, “İnanclar”, “Bitkilər haqqında məlumat və türkəçarələr”, “Etnoqrafik mətnlər”, “Xatirələr”, “Nağıllar”, “Lətifələr”, “Aşıq məclisləri və aşıq şeirləri”, “Oyunlar”, “Tapmaca və yanıltmaclar”, “Atalar sözləri, məsəllər və deyimlər”, “Bayatı, ağı və oxşamalar”, “Sanama və düzgülər”, “Alqışlar”, “Nitq etiketləri, and və qarğışlar” bölmələrindən ibarətdir.

Materialların əksəriyyəti rayonun Qaşaltı Qaraqoyunlu kəndinin sakinlərindən qeydə alınıb. Onlar Azərbaycanın hansı bölgəsində yaşamalarından asılı olmayaraq, Qaraqoyunlunun hansı tirəsindən olduqlarını, əraziyə gəlmələri ilə bağlı xatirələrini unutmayıblar. “Xatirələr” bölməsindəki mətnlərin bir qismini bu qəbildən olan nümunələr, həmçinin Qaraqoyunlunun nüfuzlu ağsaqqalları ilə bağlı mətnlər təşkil edir.

Kitabda xalqımızın adət-ənənəsini və məişətini əks etdirən etnoqrafik mətnlər – müxtəlif mərasimlərlə, yerli mətbəxlə bağlı məlumatlar və s. də əksini tapıb. “Etnoqrafik mətnlər” bölməsindəki “Novruz surəsi”ni, həmçinin “İnanclar” bölməsində verilmiş “Qırov ayı”, “Çömçəqurutmaz ayı”, “Hacıleyləyin borcu” mətnlərini Azərbaycan folklorşünaslığı üçün yeni informasiya hesab etmək olar. Naftalan nefti ilə bağlı mətnlər bu bölgənin əhalisi arasında geniş yayılsa da, indiyədək bu məlumatlar toplanmayıb. Bu mətnlər Azərbaycan əfsanələrinin tərkibinə yeni süjetin daxil olmasına şərait yaradır. Qaraqoyunlunun baməzə şəxsləri ilə bağlı çap olunmuş lətifələr yeni olmaqla yanaşı, Azərbaycanın müasir lətifə qəhrəmanları ilə bağlı süjetləri də zənginləşdirir.

Kitabda həmçinin indiyədək diqqətdən kənarda qalmış nitq etiketləri kimi mətnlər də yer alıb.

Ərazidən toplanılmış mətnlər maraqlı folklor nümunələri olmaqla yanaşı, oxucuya xalq mədəniyyətində gedən dəyişiklikləri izləmək və bunun səbəblərini müəyyənləşdirmək imkanı verir. Azərbaycanın digər bölgələrində olduğu kimi, burada da əski türk inancları get-gedə əhəmiyyətini itirməkdə və yerini İslam dinindən gələn inanclara verməkdədir. Xalq inanclarının bu cür dəyişikliyə uğramasında radio, televiziya, müxtəlif sosial şəbəkələr vasitəsilə aparılan təbliğatların, həmçinin yas məclislərinin xarakterinin dəyişilməsi ilə bağlı dövlət qurumlarının apardığı işlərin mühüm rolu var.

“Elm” nəşriyyatında işıq üzü görmüş kitabdakı folklor materiallarını toplayıb tərtib edən və ön söz müəllifi institutun aparıcı elmi işçisi dosent Ləman Vaqifqızıdır (Süleymanova). Kitabın elmi redaktoru isə Folklor İnstitutunun aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru Xuraman Kərimovadır.

Kitabdan folklorşünaslarla yanaşı, dilçilər, tarixçilər, etnoqraflar və xalq mədəniyyətinin müxtəlif sahələri ilə məşğul olan tədqiqatçılar istifadə edə bilərlər.