Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) professor Tərlan Seyidovun layihəsi əsasında “Üzeyir Hacıbəylinin milli məqam sistemi gənc musiqiçilərin tədris repertuarında” III Respublika müsabiqəsinin bağlanış və qaliblərin mükafatlandırılması mərasimi keçirilib.

BMA-dan bildirilib ki, müsabiqə Üzeyir Hacıbəylinin 140 və BMA-nın İxtisas musiqi məktəb-studiyasının 45 illiyinə həsr olunub.

BMA-nın İxtisas musiqi məktəb-studiyasının direktoru dosent Sevda Məmmədova çıxış edərək Azərbaycan musiqi elm və mədəniyyətinin inkişafında misilsiz xidmətləri olan dahi Üzeyir Hacıbəylini anaraq, onun bizə miras qoyduğu Azərbaycan məqam sisteminin əhəmiyyətindən bəhs edib. Milli musiqimizin gənc nəsillər tərəfindən mənimsənilməsi və öyrənilməsi üçün bir sıra mühüm addımlar atmış müsabiqənin münsiflər heyətinin sədri Xalq artisti, BMA-nın rektoru, professor Fərhad Bədəlbəyli və Əməkdar incəsənət xadimi, mərhum Tərlan Seyidovun (19432023) birgə səyləri vurğulanıb.

Direktor milli məqamların geniş təbliğinə yönəlmiş layihələrdən, xüsusilə də musiqi tədrisi sisteminə daxil edilən “Üzeyir Hacıbəylinin elmi sistemi əsasında milli lad təfəkkürünün inkişafı Proqramı”nın əhəmiyyətindən də söz açıb. Qeyd edib ki, müsabiqə iki mərhələdən ibarət olub. Birinci mərhələdə yutub kanalına yerləşdirilən videoyazılar əsasında seçilən iştirakçılar ikinci mərhələdə Bakı Musiqi Akademiyasının Böyük zalında öz əsərlərini canlı ifa ediblər.

Müsabiqənin münsiflər heyətinin həmsədri, professor Nərminə Quliyeva başa çatmış müsabiqə ilə bağlı bir sıra vacib məqamlara toxunaraq layihənin nəticələrinə əsasən müsbət və mənfi tərəflərini vurğulayıb. O, “Üzeyir Hacıbəylinin milli məqam sistemi gənc musiqiçilərin tədris repertuarında” Respublika müsabiqəsinin və analoji müsabiqələrin davamlı olaraq keçirilməsinin zəruri olduğunu qeyd edib.

Sonra müsabiqədə iştirak etmiş və uğur qazanmış şagirdlər mükafatlandırılıblar. Şagirdlərin müsabiqəyə hazırlanma prosesində xüsusi əməyi olan müəllimlər də təşəkkürnamə ilə təltif olunublar.

Sonda qaliblər konsert proqramı ilə çıxış ediblər.