Beyləqan Rayon İcra Hakimiyyəti və Mil-Muğan Regional Mədəniyyət İdarəsinin Beyləqan rayonu üzrə mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində “Dövlətçilik tarixində yeni mərhələ” mövzusunda tədbir keçirilib.

Ölkə Prezidentinin Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı sərəncamının icrasına uyğun olaraq təşkil edilən tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib. Sonra Ulu öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edənlər əlamətdar ilin tarixi əhəmiyyətindən danışıblar. Qeyd olunub ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə gələn Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə 1995-ci ildə müstəqil Azərbaycanın ilk milli Konstitusiyasının hazırlanaraq ümumxalq səsverməsi ilə qəbul edilib.

Sonda mədəniyyət müəssisələri əməkdaşlarının ifasında Səməd Vurğunun “Azərbaycan” şeiri səsləndirilib.