Ağdam rayonunun Mahrızlı kəndində cəsur əsgər Rahib Məmmədovun anım günü münasibətilə “19 yaşlı xilaskar” adlı tədbir keçirilib.

Rayon ictimaiyyəti nümayəndələrinin, şəhid ailələrinin, qazilərin, təhsil və mədəniyyət işçilərinin, məktəblilərin iştirak etdiyi tədbirdə əvvəlcə Rahib Məmmədovun Mahrızlı kənd tam orta məktəbinin qarşısındakı büstü önünə gül dəstələri qoyularaq xatirəsi anılıb.

Tədbirdə Ulu öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət Himni səsləndirilib.

YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, “Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyi rayon şöbəsinin sədri Baxşeyiş Hətəmli, Mahrızlı kənd tam orta məktəbinin direktoru Könül İbrahimova və başqaları çıxış edərək R.Məmmədovun qəhrəmanlıqla dolu həyatından söz açıblar.

Məlumat verilib ki, Rahib Gülmalı oğlu Məmmədov 1967-ci ildə Ağdam rayonunun Mahrızlı kəndində anadan olub. 1987-ci ildə hərbi xidmət keçdiyi Gürcüstanın Xobi rayonunun Çaladidi kəndində böyük fədakarlıq göstərərək təbii fəlakət zamanı 28 sakini seldən xilas edib və qəhrəmanlıqla həlak olub. Ölümündən sonra “Qırmızı Ulduz” ordeni ilə təltif edilib. Təhsil aldığı Mahrızlı kənd tam orta məktəbi onun adını daşıyır. Məktəbin həyətində Rahib Məmmədov adına Döyüş Şöhrəti Muzeyi yaradılıb. Bakının Xətai rayonunun Əhmədli yaşayış massivində Rahib Məmmədov adına küçə var. Gürcüstanın Çaladidi kəndində onun abidəsi qoyulub.

Tədbirdə çıxış edən Rahib Məmmədovun qardaşı Sahib Məmmədov göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə, eləcə də tədbir iştirakçılarına minnətdarlığını bildirib.

Tədbirin sonunda Rahib Məmmədova həsr olunan “Əbədiyyətə qovuşan ömür” adlı sənədli film nümayiş etdirilib.