Azərbaycan mədəniyyətinin görkəmli nümayəndəsi, böyük bəstəkar, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı, akademik Qara Qarayevin (1918–1982) anadan olmasının 107-ci ildönümü Bakıdakı ev-muzeyində qeyd edilib.
Xalq artisti Ülviyyə Hacıbəyova, Əməkdar incəsənət xadimi Zümrüd Dadaşzadə, başqa mədəniyyət və incəsənət nümayəndələrinin qatıldığı tədbirin qonaqları arasında TÜRKSOY-un keçmiş baş katibi Düsen Kaseinov da olub.
Tədbiri Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru Əməkdar mədəniyyət işçisi Alla Bayramova açıb.
Dahi bəstəkarın qızı Züleyxa Qarayeva-Bağırova tədbir iştirakçılarına təşəkkür edib: “Atamın sağlığında bu günü həmişə dostlar, qohumlar və sevimli tələbələri ilə birlikdə qeyd edirdik. İllər keçsə də, onun sənətinə hörmət bəsləyənlər onu yad etmək üçün bir araya toplaşmağa davam edirlər. Hər kəsə bu sevgiyə görə minnətdaram”.
Ev-muzeyinin müdiri Lətifə Məmmədova çıxışında tanınmış bəstəkarın həyat və yaradıcılıq yolundan, musiqi mədəniyyətinin inkişafındakı misilsiz xidmətlərindən danışıb.
Çıxışlar Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin zəngin kolleksiyası əsasında hazırlanmış slayd-şou ilə müşayiət olunub.
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələri, respublika və beynəlxalq müsabiqələrin laureatları Qəmər Kərimli (skripka), Atabala Manafzadə (fortepiano), İluzər İbrahimzadə (fortepiano), Cavidan Rəsulov (klarnet), Cəmalə Abdinzadə (fortepiano), Aysun Mahmudzadə (vokal), Zəhra-Cahan Şıxəliyeva (fortepiano), Cəlalə İsmayılzadə (violonçel), həmçinin Azərbaycan Milli Konservatoriyasının baş müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Svetlana Əhmədovanın (fortepiano) ifasında Qara Qarayevin və Fərəc Qarayevin əsərlərindən ibarət konsert proqramı təqdim edilib.
Sonra Qara Qarayevin həyat yoldaşı Tatyanaya həsr etdiyi “Prelüdiya lya major” əsərinin videoyazısı nümayiş etdirilib. Əsər Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin ifasında, dirijor Elşad Bağırovun rəhbərliyi ilə səsləndirilib.
Tədbirin sonunda sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Zümrüd Dadaşzadə Qara Qarayevin musiqiyə olan misilsiz sədaqəti, kamilliyə can atması və özünə qarşı yüksək tələbkarlığı barədə danışıb. Onun mükəmməl intizamı barədə söyləyərək qeyd edib ki, bəstəkarın yaradıcılığı yeni nəsil musiqiçilərə ilham verməyə davam edir. Professor gənc ifaçılara dahi bəstəkarın əsərlərini yüksək səviyyədə təqdim etdiklərinə görə təşəkkürünü bildirib.