Şotlandiyada yaşayan azərbaycanlılar üçün 2 fevral – Gənclər Günü münasibətilə mədəni gecə təşkil olunub.
Tədbir uzun illər Afrikada yaşayan, Nigeriyada Azərbaycanın Dostları Təşkilatının qurucusu Billurə Bayramova-Bernard ailəsinin Şotlandiyanın Aberdin şəhərində təsis etdiyi BA Mədəniyyət Mərkəzinin təşəbbüsü və Aberdin Universiteti Azərbaycan Cəmiyyətinin (ASUA) iştirakı ilə gerçəkləşib.
Azərbaycan diasporu üzvlərini bir araya gətirən gecədə zəngin mətbəximizin təamları və milli musiqi nümunələri təqdim olunub.
Tədbirin təşkilatçıları bildiriblər ki, məqsəd ölkə xaricində təhsil alan gəncləri bir araya gətirmək, onlarda Azərbaycan ruhu və birlik hissini daha da gücləndirməkdir. Belə təşəbbüslər diasporumuzun həmrəyliyini və milli kimliyimizin qorunmasının vacibliyini bir daha sübut edir. BA Mədəniyyət Mərkəzi və ASUA bu qəbildən tədbirlərlə Azərbaycan mədəniyyətinin beynəlxalq müstəvidə təbliğinə töhfə verməyə davam edəcək.