Azərbaycan Kinematoqrafçılar İttifaqında (AKİ) Azərbaycan Kinoşünaslar və Kinotənqidçilər Gildiyası (AKKG) üzvlərinin görüşü keçirilib.

AKİ-dən bildirilib ki, görüşdə bu il ikinci dəfə təqdim edilməsi planlaşdırılan AKKG mükafatlarına namizədlərin müəyyənləşdirilməsi və səsvermə prosesi müzakirə olunub.

Ötən il olduğu kimi, bu il də 17 kinoyazardan ibarət münsiflər heyəti 2025-ci il ərzində ölkə ərazisindəki kinoteatrlarda nümayiş olunmuş və ya festivallarda iştirak etmiş tammetrajlı və qısametrajlı bədii, eləcə də sənədli filmləri peşəkar kateqoriyalar üzrə dəyərləndirib. Heyət iki ay ərzində 16 qısametrajlı sənədli, 13 qısametrajlı bədii, 16 tammetrajlı bədii və 6 tammetrajlı sənədli film olmaqla, ümumilikdə 51 ekran əsərinə baxıb.

Qiymətləndirmənin nəticəsi olaraq 12 nominasiya üzrə 7 tammetrajlı bədii, 6 tammetrajlı sənədli, 6 qısametrajlı sənədli və 6 qısametrajlı bədii film seçim mərhələsinin qısa siyahılarına (şort-list) daxil edilib.

AKKG-nin mükafatlarına namizədlərin qısa siyahıları ilə AKİ-nin saytında tanış olmaq mümkündür.