İyulun 10-da "Keşikçidağ" Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisində yerləşən Keşikçidağ kurqanlar vadisində "Mənim ilk arxeoloji tapıntım" adlı maarifləndirici ekskursiya təşkil olunub.

Qoruqdan verilən məlumata görə, ekskursiyada Ağstafa rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin Siracəddin Məmmədov adına Poylu kənd tam orta məktəbindəki "Ekologiya dərnəyi"nin şagirdləri iştirak ediblər.

Tədbirin əsas məqsədi uşaqlarda Azərbaycanın tarixi və mədəni irsinə marağın artırılması, arxeologiya elmi haqqında ilkin bilik və təsəvvürlərin formalaşdırılması, eyni zamanda milli-mədəni irsin qorunması istiqamətində maarifləndirici fəaliyyətin gücləndirilməsi olub.

Ekskursiya iştirakçıları Keşikçidağ kurqanlar vadisinin tarixi, burada aparılmış arxeoloji tədqiqatlar, aşkar edilmiş maddi-mədəniyyət nümunələri və onların Azərbaycan tarixinin öyrənilməsində rolu haqqında ətraflı məlumat əldə ediblər.

Qoruğun əməkdaşları tərəfindən uşaqlara arxeoloji qazıntıların aparılma metodları, tapıntıların aşkar edilməsi, sənədləşdirilməsi, konservasiyası və elmi cəhətdən öyrənilməsi prosesi sadə və əyani formada izah edilib.

Tədbirin ən maraqlı hissəsini təşkil edən simvolik arxeoloji fəaliyyət zamanı uşaqlar xüsusi hazırlanmış sahədə ilkin arxeoloji axtarış prosesində iştirak edib, müxtəlif maddi-mədəniyyət nümunələrinin aşkar edilməsini praktik şəkildə müşahidə edərək arxeoloq peşəsinin xüsusiyyətləri ilə yaxından tanış olublar.

Ekskursiya zamanı tarixi abidələrin qorunmasının dövlət və cəmiyyət qarşısında mühüm vəzifələrdən biri olduğu vurğulanıb, mədəni irsin yalnız elmi araşdırmalar üçün deyil, həm də milli kimliyin, tarixi yaddaşın və mənəvi dəyərlərin qorunması baxımından əvəzsiz əhəmiyyət daşıdığı diqqətə çatdırılıb.

Sonda ekskursiya iştirakçısı olan bütün şagirdlərə sertifikat təqdim edilib.

Belə maarifləndirici tədbirlər uşaqların asudə vaxtının səmərəli təşkilinə, onların tarix və arxeologiyaya marağının artırılmasına, milli-mənəvi dəyərlərə bağlılıq hissinin gücləndirilməsinə, eləcə də gələcəkdə mədəni irsin qorunmasına məsuliyyətlə yanaşan vətəndaşların formalaşmasına xidmət edir. "Keşikçidağ" qoruğu tərəfindən gələcəkdə də bu qəbildən layihələrin davam etdirilməsi nəzərdə tutulur.