
Əməkdar incəsənət xadimi, yazıçı-dramaturq Əli Əmirlinin yeni çapdan çıxmış kitabının annotasiyasında deyilir: "Hər bir zaman əvvəl-axır tarixə çevrilir. "Köhnə ev", "Mesenat", "Şah Qacar", "Varlı qadın", "Hasarın o üzü" , "Bala başabəla" kimi onlarla məşhur pyesin müəllifi Əli Əmirlinin yeni kitabına daxil etdiyi "Meydan" romanında cərəyan edən hadisələrin zamanı – 1988-ci il də artıq tarixdir. Bu həmin o ildir ki, milli azadlıq hərəkatı bütöv Azərbaycanı mübarizə meydanına çıxarmışdı. Bu həm də elə bir vaxtdı ki, ədəbiyyat, sənət baş verən və sürətlə irəliləyən dramatik hadisələrin dalınca qoşa bilmir, geridə qalırdı, amma bu da təkzibedilməz həqiqətdir ki, zamanın həqiqi şəkli, itmiş, keçmişə qovuşmuş vaxtın ovqat fotosu tarix əsərlərində deyil, məhz bədii əsərlərin obyektivindədir. Əlbəttə, əgər müəllif həyat həqiqətini bədii həqiqətə çevirməyi bacarıbsa...".
Onu da deyək ki, qeyd edilən tarixi hadisələrin izi ilə 1989-cu ildə yazılmış "Meydan" romanı 1992-ci ildə "Azərbaycan" jurnalında dərc edilsə də, kitab halında ilk dəfə nəşr olunur.