Bu gün muğam sənətimizin tanınmış tədqiqatçısı, şair, publisist, filologiya üzrə fəlsəfə doktoru Gülhüseyn Kazımlının (1950–2024) 75 illik yubileyidir.

Gülhüseyn Mərdan oğlu Kazımlı 1950-ci il fevralın 4-də Cəbrayıl rayonunun Kavdar kəndində anadan olub. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki ADPU) Filologiya fakültəsində oxuyub, Moskvadakı İctimai Elmlər Akademiyasında mədəniyyət tarixi və mədəniyyət nəzəriyyəsi üzrə təhsil alıb.

1973–1981-ci illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində redaktor, daha sonra dövlət qulluğunda, o cümlədən Nazirlər Kabinetinin İşlər İdarəsində,  Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində məsul vəzifələrdə işləyib.

Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Jurnalistlər Birliyinin üzvü olmuş Gülhüseyn Kazımlının 20-yə yaxın kitabı işıq üzü görüb. “Vətən sevgisi” (1978), “Yollarda ömür” (1981), “Mənə inan” (1983), “İnsanın dərki” (1995), “Ümid yeri” (2003), “Heydər Əliyevin yadigarları” (2004), eləcə də son illərdə Beynəlxalq Muğam Mərkəzi (BMM) tərəfindən nəşr olunan “Bülbülcan”, “Salam, Məşədi”, “Kor Əhəd” və başqa kitabların müəllifidir.

Bədii yaradıcılıqla da məşğul olan G.Kazımlının şeirlərinə görkəmli bəstəkarlar Şəfiqə Axundova, Azər Rzayev, Oqtay Rəcəbov, Əfsər Cavanşirov, Nəriman Məmmədov musiqilər yazıblar. Həmin mahnıları Baba Mirzəyev, İlhamə Quliyeva, Flora Kərimova, Oqtay Ağayev kimi tanınmış sənətkarlar ifa ediblər.

Görkəmli xanəndələr, mədəniyyət xadimləri haqqında tədqiqat əsərlərinin müəllifi olan G.Kazımlı ömrünün son illərini BMM-də muğam sənətinin təbliği ilə bağlı layihələrə həsr edib. O, görkəmli xanəndələr Bülbülcan, Seyid Şuşinski, Hacıbaba Hüseynov, Şövkət Ələkbərova, Həqiqət Rzayeva, məşhur qarmon ifaçıları Kor Əhəd, Teyyub Dəmirov və digər sənətkarların həyat və yaradıcılığına həsr olunmuş musiqili gecələrin təşkilində xüsusi rol oynayıb. Eyni zamanda BMM-in böyük maraqla izlənilən “Unudulmayanlar” və “Dəyirmi masa” layihələrinin koordinatoru idi. Gülhüseyn Kazımlı 2024-cü ilin 24 fevral tarixində vəfat edib.

Qeyd edək ki, fevralın 4-də saat 19:00-da BMM-də “Unudulmayanlar” layihəsi çərçivəsində G.Kazımlının 75 illiyinə həsr olunan xatirə gecəsi keçiriləcək. Yubiley tədbirinin media dəstəkçiləri arasında medeniyyet.info.az saytı da var.