
Yanvarın 29-da Azərbaycanda növbəti bələdiyyə seçkiləri keçirilir. Bələdiyyə seçkiləri ölkə üzrə mövcud 125 seçki dairəsindən 118 dairədə təşkil edilib. İşğaldan azad olunmuş şəhər və rayonları əhatə edən 7 dairə üzrə seçki keçirilmir.
Ümumilikdə 685 bələdiyyəyə 8071 üzv seçilməlidir. Qeydə alınan namizədlərin sayı 16 min 238 nəfərdir.
Bələdiyyə seçkilərində səsvermə hüququ olan seçicilərin sayı isə 5 milyon 961 min 987 nəfər təşkil edir.
Bu barədə yanvarın 28-də keçirilən mətbuat konfransında Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov məlumat verib.
Qeyd edək ki, bu, ölkəmizdə sayca 6-cı bələdiyyə seçkiləridir.
Azərbaycanda ilk bələdiyyə seçkiləri 12 dekabr 1999-cu ildə keçirilib. O vaxt ölkə üzrə 2660-dək bələdiyyə formalaşmışdı. Ən böyük bələdiyyəyə 19, ən kiçik bələdiyyədə 5 üzv seçilmişdi.
Sonrakı illərdə yeni yaşayış məntəqələrinin yaranması, habelə yerlərdə ərazi-inzibati bölgüsü üzrə aparılmış dəyişikliklər nəticəsində bələdiyyələrin sayı artmış və 17 dekabr 2004-ci ildə keçirilən növbəti seçkilər ölkə üzrə 2730 bələdiyyəni əhatə etmişdi.
Lakin bundan sonra, xüsusilə də kiçik bələdiyyələrin fəaliyyətinin səmərəsiz olması nəzərə alınaraq, bələdiyyələrin tədricən birləşdirilməsi prosesi başlandı. 2009, 2014 və 2019-cu illərdə keçirilən seçkilərdə formalaşan ümumi bələdiyyə sayında bu azalma tendensiyası özünü göstərib. Son olaraq 2024-cü ildə ölkədə bələdiyyə sayı 685-ə enib.
V.Orxan