
Özbəkistanın paytaxtı Daşkənddə Beynəlxalq Türk Dövlətləri Universiteti yaradılacaq.
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev yanvarın 24-də bununla bağlı sərəncam imzalayıb.
Özbəkistan mediasının məlumatına görə, yeni universitet Daşkənddə qeyri-dövlət təhsil müəssisəsi kimi fəaliyyət göstərəcək. Onun əsas fəaliyyət istiqamətləri mühəndislik, tikinti, logistika, informasiya texnologiyaları və proqramlaşdırma, səhiyyə, kənd təsərrüfatı, qida sənayesi, iqtisadiyyat kimi sahələri əhatə edəcək.
Universitetdə tədris prosesi 2025/2026-cı dərs ilindən etibarən beynəlxalq səviyyədə tanınmış müəssisələrin reytinqində ilk 1000-liyə daxil olan Türkiyənin ali təhsil müəssisələrinin proqramları əsasında təşkil olunacaq. Xarici, o cümlədən Türkiyənin aparıcı ali təhsil müəssisələri ilə birgə proqramlar əsasında elmi tədqiqatlar da aparılacaq.