Mərakeş Krallığında 2004-cü ildə qəbul edilmiş Ailə Məcəlləsi (Moudawana) yenilənəcək.

Mərakeşin Azərbaycandakı səfirliyinin yaydığı məlumata görə, “Moudawana 2.0” layihəsi, bu sahədə 2004-cü il islahatlarının davamı olmaqla bərabər, eyni zamanda İslam prinsiplərini və Mərakeş ailəsinin xüsusiyyətlərini ehtiva edir.

Kral VI Məhəmməd 2022-ci ildə Taxt-tac nitqi zamanı məcəllənin ölkənin keçid dövrünün tələblərinə uyğun, eyni zamanda şəriət prinsiplərini qoruyan yeni hüquqi mətninin hazırlanmasının vacibliyini bildirmişdi.

Altı aya yaxın məsləhətləşmə prosesi və bu müddətə ailə, qadın və uşaq hüquqları ilə bağlı fəaliyyət göstərən 1500-dən çox assosiasiya ilə yüzdən çox dinləmə sessiyası keçiriləndən sonra layihəyə məsul komissiya 2023-cü ilin mart ayında 100-dən çox düzəliş təklifini əhatə edən hesabatı Krala təqdim edib. Təkliflərin bir qismi Üləma Ali Şurasında nəzərdən keçirilib, digərləri İslamın Əmirəl-Möminin (dini rəhbər) statusunda olan Suveren tərəfindən arbitraj olunub. 

Məsləhətləşmə və geniş müzakirə prosesindən sonra layihə qanunvericilik mərhələsinə qədəm qoyub. Bu həlledici mərhələnin əsasları və prinsipləri Kral VI Məhəmməd tərəfindən işlənib. İslam qaydalarından və Mərakeş tərəfindən ratifikasiya olunmuş beynəlxalq konvensiyalardan irəli gələn ədalət, bərabərlik, həmrəylik prinsipləri ilə aşılanan Ailə Məcəlləsi bu xüsusda mühüm hüquqi çərçivə rolunu oynayır.

Məlumatda vurğulanır ki, yeni layihə Suverenin və xalqın ailənin sabitliyini təmin edə biləcək və hər bir üzvünün ləyaqətini qoruyacaq konsensus tapmaq iradəsini əks etdirir, həmçinin hüquqi dövlət prinsiplərinə və İslam hüququnun dəyişməz qaydalarına doğru birləşməyi hədəfləyir.