Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM)  təşkilatçılığı ilə Şəki-Zaqatala RMİ-nin tabeliyində fəaliyyət göstərən uşaq musiqi və incəsənət məktəblərinin kollektivləri üçün keçirilən tar və kamança ixtisasları üzrə ustad dərsləri başa çatıb.

Görkəmi bəstəkar, Xalq artisti Şəfiqə Axundovanın 100 illiyi çərçivəsində həyata keçirilən ustad dərsləri 10-14 dekabr tarixlərini əhatə edib.

Şəki şəhərindəki 4 nömrəli Uşaq musiqi məktəbində təşkil olunan dərslər Əməkdar artist, tarzən Neymət Mürsəlov və kamança ifaçısı Fariz Hüseynov tərəfindən aparılıb.

Layihənin məqsədi təhsilin səviyyəsinin yüksəldilməsi, maarifləndirmə işinin təşkili, musiqi və incəsənət məktəblərində tədris prosesinin ixtisas proqramlarının tələblərinə uyğun olaraq tənzimlənməsi, yerlərdə müəllimlərə lazımi metodiki köməkliyin göstərilməsi, müəllim və şagirdlərin peşəkar inkişafı üçün nəzəri və praktiki biliklərinin artırılmasıdır.

Dərslərdə tar ixtisası üzrə tarın tutulma qaydalarına, ifa zamanı barmaqların simlər üzərinə applikaturaya uyğun əməl etmək şərti ilə ardıcıl qoyuluşu, şagirdlərin texniki imkanlarının artırılması məqsədilə qamma və etüd məşğələlərinə mütəmadi olaraq riayət edilməsinin zəruri olduğu qeyd olunub. Eyni zamanda proqramda ifa edilən hər bir əsərin xarakterini dinləyiciyə düzgün çatdırmaq məqsədilə nüans və ştrixlərə xüsusi diqqət yetirilməsinin vacibliyi qeyd olunub.

Kamança ixtisası üzrə isə bu musiqi alətinin tutulma qaydası, mövqelərdən düzgün istifadə, qammaların və etüdlərin daha çox ştrixlərlə çalınması ilə bağlı ətraflı məlumat verilib.

Ustad dərslərinin sonunda fikir mübadiləsi aparılıb, müəllimləri maraqlandıran məsələlər müzakirə olunub, suallar cavablandırılıb.