
Mərasimdə Xalq şairi Nəriman Həsənzadə, tanınmış şairlər Çingiz Əlioğlu, İlyas Tapdıq, Xəzər Universitetinin rektoru Hamlet İsaxanlı gözəl ədib, Vətəninin hər daşını, torpağını sevən böyük vətəndaş Hüseyn Arifin şəxsiyyətindən, əsərlərindən geniş bəhs etdilər. Çıxışlarda dönə-dönə vurğulandı ki, Hüseyn Arifin şeirləri heç vaxt aşıqların dilindən düşməyəcək, xatirəsi qəlblərdən silinməyəcək.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə Hüseyn Arif ailəsinin yaxını kimi “Seçilmiş əsərləri”n yenidən nəşrinə görə “Xalq Bank”a təşəkkürünü bildirdi, şairin ölməz əsərlərinin xalqın qəlbində həmişə yaşayacağını söylədi.
Tədbirdə Hüseyn Arifin şeirləri aktyorların ifasında səsləndikdən sonra şairin qızı Səhər xanım atasına göstərilən bu diqqət, ehtiram üçün “Xalq Bank”a, tədbir iştirakçılarına minnətdarlığını bildirdi.
68 il ömür sürmüş Hüseyn Arif (1924-1992) kəşməkəşli həyat yolu keçib. Böyük Vətən müharibəsində Ukrayna, Polşa, Çexoslovakiya, Almaniyada döyüşüb. Sonralar ADU-da və Moskvada - M.Qorki adına Ədəbiyyat İnstitutunun aspiranturasında təhsil alan şair Azərbaycan Aşıqlar Birliyini yaradıb və 1984-cü ildən ömrünün axırına kimi birliyə rəhbərlik edib. Kitablarının ümumi tirajı 250 mindən çox olan şairin şeir və poemaları bir çox dünya xalqlarının dilinə tərcümə olunaraq işıq üzü görüb. Onun sözlərinə yazılmış mahnılar heç vaxt populyarlığını itirməyib. Yazdığı əsərlər Opera və Balet, Gənc Tamaşaçılar teatrlarında uğurla səhnəyə qoyulub. 1978-ci ildə o, Azərbaycan SSR-nin yeni himninin mətn müəlliflərindən biri olub və elə həmin il Azərbaycan Dövlət mükafatına layiq görülüb. 1989-cu ildə Xalq şairi fəxri adına layiq görülüb.
İradə