Noyabrın 7-də Azərbaycan Milli Xalça Muzeyində Vətən müharibəsində qazanılan Zəfərin beşinci ildönümü münasibətilə rəssam CHINGIZ-in “Cəngi” xalçasının təqdimat mərasimi keçirilib.

Muzeyin direktoru Əminə Məlikova sərgi barədə məlumat verib. Əsərdə xalqımızın qəhrəmanlıq ruhunun əks olunduğunu diqqətə çatdıran direktor deyib: “Burada döyüş əzmi, iztirabları və qüruru müasir təsviri dil vasitəsilə ifadə olunub. Haşiyə boyunca təqdim olunan rəqs edən yaralı döyüşçü siluetləri həm birliyin və əzmin, həm də xatirənin rəmzidir”.

Sənətşünas, vizual sənət nəzəriyyəçisi Elçin Şamilli vurğulayıb ki, bu sənət əsərində xalçaçılıq ənənəsi, milli rəqsin simvolik kodları və faciəvi müharibə təcrübəsi vəhdət təşkil edir. “Cəngi” xalçası xalqın tarixi yaddaşının canlı ifadəsi kimi mədəni irsimizin davamlılığını göstərir.

Xalçanın texniki eskizi xalça rəssamı Afaq Abdullayevaya məxsusdur. Əsər Azərbaycan Milli Xalça Muzeyinin Ənənəvi texnologiya şöbəsində toxucular Rəna Süleymanova, Ulduz Nəcəfova və Şəkər Ələsgərova tərəfindən səkkiz ay ərzində ərsəyə gətirilib.

Xalçada xalqımızın qəhrəmanlıq ruhu, döyüş əzmi, iztirabları və qüruru müasir təsviri dil vasitəsilə ifadə olunub. Haşiyə boyunca təqdim olunan rəqs edən yaralı döyüşçü siluetləri həm birliyin, əzmin, həm də xatirənin rəmzidir. Bu sənət əsərində xalçaçılıq ənənəsi, milli rəqsin simvolik kodları və faciəvi müharibə təcrübəsi vəhdət təşkil edir. Cəngi xalçası xalqın tarixi yaddaşının canlı ifadəsi kimi mədəni irsimizin davamlılığını göstərir.

Tədbirin bədii hissəsində “Teatr O2” aktyorları xüsusilə “Cəngi” xalçasının təqdimatı üçün hazırlanan tamaşanı nümayiş etdirib. Səhnə əsərinin ssenari müəllifi və rejissoru Konstantin Soldatov, xoreoqraf Nigar İbrahimbəylidir.