Görkəmli ədəbiyyatşünas və tənqidçi, Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadənin (30.12.1954 – 24.02.2025) mərhum ədəbiyyatşünas, professor Hüseyn Həşimli haqqında monoqrafiyası çap olunub.

“Gənc ikən görkəmli alim” adlı monoqrafiyada tanınmış ədəbiyyatşünas, pedaqoq, mətnşünas, Əməkdar elm xadimi, professor Hüseyn Həşimlinin (25.08.1965 – 20.06.2020) örnək ömür yolu və zəngin elmi-nəzəri yaradıcılığından bəhs olunur.

Müəllif Hüseyn Həşimlini həm nüfuzlu alim, həm də yüksək mənəvi keyfiyyətlərə malik ziyalı və şəxsiyyət kimi təqdim edir. Kitabda onun yetirmələri, elmi irsi, çap olunmuş monoqrafiya, kitab və məqalələrindən geniş söhbət açılır.

Nəşrin elmi redaktoru filologiya elmləri doktoru, professor Nadir Məmmədli, redaktoru filologiya üzrə fəlsəfə doktoru Qızqayıt Süleymanovadır.

Qeyd edək ki, Hüseyn Həşimli 1998-ci ildə “Azərbaycan ədəbiyyatında sentimentalizm” mövzusunda fəlsəfə doktorluğu, 2011-ci ildə “Azərbaycan ədəbiyyatında Avropa mənşəli lirik janrlar” mövzusunda elmlər doktorluğu dissertasiyalarını müdafiə edib. 30 kitabın, 350 elmi məqalənin müəllifi olan alimin tədqiqat əsərləri Azərbaycanla yanaşı, Bolqarıstan, Türkiyə, İran, Rusiya, Türkmənistan, Ukrayna, Gürcüstan, Qazaxıstan, Misir və s. ölkələrdə müxtəlif dillərdə nəşr edilib.