Muzeylər həmişə əhəmiyyətli mədəni funksiyaları yerinə yetirən əsas qurumlar olub. Muzeylər bəşəriyyətin tarix və mədəniyyəti, mənəvi və maddi dəyərləri, həmçinin cəmiyyətin bir çox sirr və müəmmalarının fiziki mühafizəkarlarıdır.
Beynəlxalq səviyyədə hər il muzeylərin şərəfinə qeyd edilən tematik bayram keçirilir. Bütün dünyada “Muzeylər gecəsi” kimi tanınan ən parlaq ənənə bu bayramın bir hissəsidir.
COVİD-19 pandemiyası səbəbindən bu il ənənəvi “Muzeylər gecəsi” beynəlxalq aksiyası, bütün dünyada baş verən hadisələrə uyğunlaşmaq məcburiyyətində qalaraq, bu dəfə qeyri-adi formatda reallaşıb.
YARAT Müasir İncəsənət Məkanı Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin dəstəyi ilə Beynəlxalq Muzeylər Günü münasibətilə multimedia layihəsini həyata keçirib.
Proqramda auditoriyaya eksklüziv rəsm əsərlərinin toplusu təqdim olunub. Tamaşaçılar müxtəlif mövzulara və tarixi dövrlərə aid olan muzey kolleksiyaları və sərgi layihələri haqqında yeni və maraqlı məlumatlar əldə ediblər. Əsərlər Azərbaycan Dövlət Xalça Muzeyi, XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyi, Macarıstan Milli Muzeyi, Mark Rotko İncəsənət Mərkəzi (Latviya), Moda Muzeyi (Latviya) və YARAT Müasir İncəsənət Məkanı tərəfindən təqdim olunub.
Yuxarıda qeyd olunan muzeylərin kolleksiyaları və sərgi layihələrindən olan əsərlər şəhər sakinlərinə, onların yaşadıqları məkanlarda videoproyeksiyalar vasitəsilə nümayiş etdirilib. Tədbir zamanı ətraf binaların sakinləri mənzillərinin pəncərələri və eyvanlarından evdən çıxmadan bu təqdimatı müşahidə edib, əsərlərlə tanış olublar. Həmçinin axşam evlərinin yaxınlığında gəzişən Bakı sakinləri üçün keçirilən bu aksiya gözlənilməz bir sürprizə çevrilib.
Əsərlərin videotəqdimatı Bakının 4 müxtəlif məkanında keçirilib. 6 muzey kolleksiyasından sənət əsərlərinin binalara proyeksiyası şəhər həyatına rəng qatıb. Bu qeyri-adi hadisə şəhər sakinlərində zəngin təəssürat oyadaraq böyük marağa səbəb olub.
“Muzeylər gecəsi” multimedia aksiyasının hadisələri YARAT-ın rəqəmsal platformasında işıqlandırılacaq.