
Xalqımızın ümummilli lideri Heydər Əliyev misilsiz xidmətlərinə görə hər zaman Vətəni, xalqı üçün əziz olaraq qalacaq. Çünki bu böyük insan öz əməlləri ilə hələ sağlığında tarixin yaddaşında əbədiləşmiş böyük azərbaycanlıdır. O, Azərbaycan salnaməsində təkrarolunmaz rəhbər, qüdrətli dövlət başçısı, fədakar insan kimi qalıb. Ulu öndər Azərbaycanı dünyaya tanıdıb. “Mənim həyat amalım yalnız bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mədəni inkişafına xidmət olub”, – deyən Heydər Əliyev bütün dövrlərdə qüdrətli Azərbaycan uğrunda çalışıb.
Onun Azərbaycana rəhbərlik illəri milli intibah dövrü kimi əbədiləşib. Azərbaycan tarixinin bütöv bir dövrü məhz Heydər Əliyevin adı ilə bağlıdır. Bu dövrün əsas məzmunu isə azərbaycançılıqdır. Heydər Əliyev dövrü Azərbaycan tarixinin, mədəniyyətinin, elminin, təhsilinin qızıl dövrünə çevrildi.
Ulu öndərin müəyyənləşdirdiyi inkişaf strategiyası onun layiqli siyasi varisi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Mayın 10-da, xalqımızın xilaskar oğlu Heydər Əliyevin doğum günündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fəxri xiyabanda ümummilli liderin məzarını ziyarət ediblər.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ümummilli lider Heydər Əliyevin məzarı önünə gül qoyub, xatirəsini ehtiramla anıblar.
Sonra dövlətimizin başçısı və xanımı ulu öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini ehtiramla anaraq məzarı üzərinə gül dəstələri qoyublar. Prezident və birinci xanım görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim-alim Tamerlan Əliyevin məzarları üzərinə də gül dəstələri düzüblər.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ulu öndərin doğum günü münasibətilə Bakının Suraxanı rayonundakı keçmiş yod-brom zavodunun ərazisində ağac əkiblər.
Dövlətimizin başçısının tapşırığına əsasən, 2018-ci ildən başlayaraq bu ərazidə 167 hektar sahənin lay suları, neft, duz, yod və digər tullantılardan təmizlənərək bərpa edilməsinə başlanılıb. İcra olunan layihənin birinci mərhələsində – 2018-2019-cu illər ərzində 67 hektar ərazi yod-brom və digər neft tullantılarından təmizlənib, drenaj və suvarma sistemləri qurulub, əraziyə 52 mindən çox müxtəlif növ ağac-kol tingləri əkilməklə geniş meşə-park salınıb. Hazırda ərazinin qalan 100 hektarlıq sahəsində layihənin ikinci mərhələsinin icrası prosesi davam etdirilir. Layihənin icrası nəticəsində Heydər Əliyev Beynəlxalq Aeroportundan Bakı şəhəri istiqamətində, Zığ şosesi boyu hər iki istiqamət yaşıllıq zolağı olacaq.