
Aprelin 18-də Azərbaycan Dövlət Musiqili Teatrının binası əsaslı bərpa və yenidənqurma işlərindən sonra istifadəyə verilib. Prezident İlham Əliyev açılış mərasimində iştirak edib.
Bu gün ölkə həyatının bütün istiqamətlərində olduğu kimi, mədəniyyət sahəsi də yüksək səviyyədə dövlət qayğısı ilə əhatə olunub. Mədəniyyət və incəsənətin inkişafına, bu sahədə çalışan insanlara göstərilən diqqət və qayğı, ölkəmizin beynəlxalq səviyyəli tədbirlərə ev sahibliyi etməsi bunun əyani təsdiqidir. Dövlət başçısının mədəniyyətimizə, himayəsi Azərbaycan incəsənətində yaradıcılıq əhval-ruhiyyəsini artırıb. Heydər Əliyev Fondunun bu istiqamətdə həyata keçirdiyi layihələr ölkəmizin mədəni irsinin daha da zənginləşdirilməsinə və dünyada geniş təbliğinə, gənc istedadların yetişməsinə böyük töhfələr verir.
Prezident İlham Əliyevin sərəncamlarına əsasən, son illərdə çoxsaylı tarixi abidələr, monumental binalar, maddi-mədəniyyət ocaqları əsaslı təmir edilib və yenidən qurulub. Onların sırasında Azərbaycan Dövlət Musiqili Teatrının binası da var. Bu teatr yarandığı vaxtdan incəsənət tariximizə bir çox qiymətli səhnə əsəri bəxş edib, ölkəmizin zəngin ənənələrə malik qabaqcıl sənət ocaqlarından birinə çevrilib.
Prezident İlham Əliyevə Azərbaycan Dövlət Musiqili Teatrının binasında və ətrafda görülən işlər barədə məlumat verilib. Dövlət başçısı teatrın yenidənqurma işlərində iştirak edən xarici mütəxəssislərlə görüşüb.

Prezident İlham Əliyev teatrın tamaşa zalı ilə tanış olub. 460 yerlik zal ən müasir avadanlıqla təchiz olunub. Oturacaqlar və mebel yeniləri ilə əvəzlənib, 360 dərəcə fırlanan səhnə tamamilə yenidən qurulub, ən müasir səs-akustika sistemi quraşdırılıb. Səhnənin işıq sistemləri də müasir layihə və texnologiyalar əsasında yenilənib. Əsaslı bərpa işlərindən sonra teatrdakı səsyazma studiyası və kiçik tamaşa zalı da yeni görkəm alıb.