Rejissor Ələmdar Faiqin “Qara pişik, ağ şanı” sənədli filmi 39-cu Herseq Novi Monteneqro Film Festivalında premyerasını edəcək.

Bu barədə Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) məlumat yayıb.

22-28 avqust tarixlərində keçiriləcək festivalda filmlər “Qızıl mimoza” mükafatı uğrunda yarışacaqlar.

Film özünün keçmiş səhvlərindən xilas olmaq üçün Bakı ətrafında yerləşən bağ evinə köçən Füruzənin və nəvəsi Ələmdarın hekayəsidir. Burada Füruzə öz bağında üzümçülüklə məşğul olur və həyətə gələn qara pişiyi bəsləyir. Günlərin birində ordudan yeni qayıtmış nəvəsi Ələmdar onun yanına gəlir və hər ikisi keçmiş ailə səhvləri ilə üzləşirlər.

“Çinar film” şirkətinin istehsalı olan filmin rejissoru Ələmdar Faiq, prodüserləri Türkan Hüseyn və Emil Nəcəfdir. Filmin ərsəyə gəlməsinə Azərbaycan Kinematoqrafçılar İttifaqı maliyyə yardımı ayırıb.