
Ağcabədi. Rayondakı Heydər Əliyev Mərkəzi tərəfindən dövlət müstəqilliyimizin 25-ci ildönümü ilə əlaqədar silsilə tədbirlərin davamı olaraq Hindarx qəsəbə Uşaq musiqi məktəbində “Müstəqilliyimiz əbədidir” adlı sərgi təşkil edilib. Mərkəzin direktoru Məhsəti Musa Azərbaycanın müstəqillik yolundan söz açıb. Mərkəzdə fəaliyyət göstərən dərnək üzvlərinin əl işlərinin və dövlət müstəqilliyimizdən bəhs edən kitabların sərgisi nümayiş olunub.
Quba. MKS-nin Mərkəzi kitabxanası Tələt Mikayılov adına şəhər 5 saylı tam orta məktəbində səyyar kitabxana xidməti təşkil edib. Tədbirdə “Azərbaycan ədəbiyyatı”, “Xarici ədəbiyyat” , “Səsli nağıllar”, “Uşaqların nağıl dünyası” və s. başlıqlar altında kitablar təqdim olunub.
Qusar. Rayon Mərkəzi kitabxanası tərəfindən Qusar Dövlət Rəsm Qalereyasında “Kitab oxuma günü” keçirilib. Kitabxana işçiləri tərəfindən təqdim olunan kitablar barədə geniş məlumat, kitabların seçilib oxunması üzrə məsləhətlər verilib. İştirakçılar daha geniş çeşiddə kitabların nümayiş olunduğu belə sərgilərin müntəzəm təşkilini arzulayıblar.

Sabirabad. Mərkəzi kitabxananın Uşaq şöbəsi 1 və 3 saylı uşaq bağçası-körpələr evində səyyar kitabxana xidməti təşkil edib. Nağıl kitablarından, jurnallardan və uşaq ədəbiyyatlarından ibarət sərgi balacalar tərəfindən maraqla qarşılanıb. Baş kitabxanaçı Afət Babayeva uşaqlara nağıllar oxuyub.
Qazax. MKS-nin təşkilatçılığı ilə Orta Salahlı kənd kitabxana filialı kənddə yaşayan Axısxa türklərinin ahıllarına səyyar kitabxana xidməti göstərib. MKS-nin direktoru Solmaz Babanlı və direktor müavini Münəvvər Süleymanlı Türkiyə səfirliyi tərəfindən kitabxanaya hədiyyə edilmiş 400 nüsxədən artıq türk dilində ədəbiyyatı ahıllara təqdim edib.