Tarixdəki olaylar
2 iyul 1918 – Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının sədri və daxili işlər naziri Fətəli xan Xoyski ölkədə ilk polis bölümünün yaradılması barədə əmr imzalayıb. Bununla Azərbaycan polis orqanlarının əsası qoyulub. Prezident Heydər Əliyevin 1998-ci il 24 may tarixli fərmanı ilə iyulun 2-si Azərbaycanda “Polis günü” kimi qeyd olunur.
2 iyul 1921 – Azərbaycanda pedaqoji kadrlar hazırlayan ilk ali məktəb – Azərbaycan Kişi Pedaqoji İnstitutu yaradılıb. Sonralar bu ali təhsil müəssisəsi V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutu adlanıb. Hazırda Azərbaycan Dövlət Pedaqoji Universiteti adı ilə fəaliyyət göstərir.
2 iyul 1976 – Vyetnamın cənubunda ABŞ işğalçılığının başa çatması ilə ölkə birləşib. Şimaldakı Hanoy şəhəri paytaxt olmaqla Vyetnam Sosialist Respublikasının yarandığı elan edilib. Cənubda amerikapərəst rejimin mərkəzi olmuş Sayqon şəhəri Hoşimin (Vyetnam kommunistlərinin lideri Ho Şi Minin adı ilə) adlandırılıb.
Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)
2 iyul 1714 – Alman bəstəkarı Kristof Villibald Qlük (Christoph Willibald Ritter von Gluck; 1714–1787) anadan olub. “Orfey və Evridika”, “Paris və Yelena”, “İfigeniya Tavridada” və s. operaların müəllifidir.
2 iyul 1877 – Alman yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1946) Herman Hesse (Hermann Hesse; 1877 – 9.8.1962) anadan olub. Əsərləri: “Təkər altında”, “Çöl canavarı”, “Şərq ölkəsinə ziyarət”, “Muncuq oyunu” və s.
2 iyul 1892 – Yazıçı, maarif və mədəniyyət xadimi Tağı Abbas oğlu Şahbazi (Simurq; 1892 – 2.1.1938) Bakıda anadan olub. Respublika xalq maarif komissarının müavini, Azərbaycan Dövlət Universitetinin rektoru işləyib. “Ağanın kənizi”, “Aldanmış ümid”, “Qayçı” və s. hekayələrin müəllifidir. Repressiya qurbanıdır.
2 iyul 1923 – Polyak şairi, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1996) Vislava Şimborska (Wislawa Szymborska; 1923 – 1.2.2012) anadan olub. “Son və əvvəl”, “Yüz...” və s. kitabların müəllifidir.
2 iyul 1953 – Əməkdar artist Tofiq Əşrəf oğlu Qаrаyev (1953 – 26.10.2013) Ağdamda doğulub. Ağdam Dövlət Dram Teatrının aktyoru olub.
2 iyul 1953 – Əməkdar artist, müğənni Məhəbbət Allahverdi oğlu Kazımov (1953 – 27.1.2014) Laçın rayonunun Çorman kəndində doğulub. “Dan ulduzu” ansamblının solisti olub.
2 iyul 1961 – Amerika yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1954) Ernest Heminquey (Ernest Miller Hemingway; 21.7.1899 – 1961) vəfat edib. Əsərləri: “Əlvida, silah”, “Əcəl zəngi kimin üçün çalınır?” (romanlar), “Qoca və dəniz” (povest) və s.
Hazırladı: Vüqar Orxan