Xəbər verdiyimiz kimi, 18–22 iyun tarixlərində Alman-Azərbaycan Cəmiyyətinin yaranmasının 35 illiyi ilə münasibətilə “Azərbaycan-Almaniya dostluq həftəsi” keçirilir.
Bakıda, eləcə də vaxtilə almanların yaşadığı və tarixi izlərinin qaldığı Göygöl (Helenendorf) və Şəmkirdə (Annenfeld) təşkil edilən tədbirlərə Almaniya, Türkiyə, Gürcüstan və Qazaxıstandan qonaqlar qatılıb.
Silsilə tədbirlər çərçivəsində iyunun 20-də Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalında – alman memar Adolf Eyxlerin layihəsi üzrə inşa olunan (1899) tarixi binada (alman kirxası) cəmiyyətin 35 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib.
Alman-Azərbaycan Cəmiyyətinin sədri professor Çingiz Abdullayev iştirakçıları salamlayaraq təşkilatın fəaliyyət göstərdiyi illər ərzində Almaniya ilə Azərbaycan arasında dostluq münasibətlərinin möhkəmlənməsinə öz töhfəsini verdiyini vurğulayıb.
1990-cı ildə Köln şəhərində təməli qoyulan, ötən dövrdə Almaniyada və Azərbaycanda bir çox tədbirlər, layihələr həyata keçirən cəmiyyətin fəaliyyəti haqqında ətraflı məlumat verilib. Bildirilib ki, bu fəaliyyət iki ölkə arasında mədəni və humanitar əlaqələrin genişlənməsinə, əməkdaşlığın dərinləşməsinə xidmət edir.
Tədbirdə iki ölkə arasında dostluq münasibətlərində və Alman-Azərbaycan Cəmiyyətinin fəaliyyətində xidmətləri olan şəxslərə cəmiyyətin “Dostluq” medalı, “Yaşıl budaqlar” mükafatı və diplomlar təqdim olunub.
Sonra almaniyalı sənətçilər İda Haaq (pianoçu və vokalçı), Aleksandr Hahn (qiraətçi), azərbaycanlı incəsənət ustaları – Əməkdar artistlər Nərgiz Əliyeva (piano) və İlahə Əfəndiyeva (vokal), eləcə də Nigar Məmmədova (piano) və Qəlbinur İbrahimlinin (saz), Azərbaycan Dövlət Uşaq Filarmoniyasının “Şəms” uşaq xoru və rəqs kollektivinin iştirakı ilə konsert proqramı təqdim olunub.
Alman və Azərbaycan musiqi nömrələri alqışlarla qarşılanıb.
Tanınmış vokalçı, Əməkdar artist Ramil Qasımovun fortepianoda Xalq artisti Siyavuş Kəriminin müşayiətilə təqdim etdiyi ifa da proqrama rəng qatıb.
Vüqar Orxan