2 iyun Azərbaycanın mülki aviasiya işçilərinin peşə bayramıdır.
Tarixdəki olaylar
2 iyun 1938 – Azərbaycanda ilk mülki aviasiya dəstəsi təşkil olunub. Bakıda ilk aviasiya məktəbi 1915-ci ildə yaradılmış, 1923-cü ildə Bakı-Tbilisi marşrutu ilə ilk mülki aviasiya xətti açılmış, 1933-cü ildə Binə qəsəbəsi yaxınlığında ilk aeroport istifadəyə verilmişdi. 1938-ci ildə ilk mülki aviasiya dəstəsi uçuşlara başlayıb. Prezident İlham Əliyevin 2006-cı il 18 may tarixli sərəncamı ilə 2 iyun Azərbaycanda mülki aviasiya işçilərinin peşə bayramı günü elan olunub.
Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)
2 iyun 1840 – İngilis yazıçısı, şair Tomas Hardi (Thomas Hardy; 1840 – 11.1.1928) anadan olub.
2 iyun 1979 – Əməkdar incəsənət xadimi, kinorejissor Hüseyn Əli oğlu Seyidzadə (15.10.1910 – 1979) vəfat edib. “O olmasın, bu olsun”, “Dəli Kür”, “Yenilməz batalyon”, “Qayınana” filmlərinə quruluş verib.
2 iyun 1988 – Hind aktyoru və rejissoru Rac Kapur (Raj Kapoor; 14.12.1924 – 1988) vəfat edib. Filmləri: “Avara”, “Cənab 420” (aktyor), “Bobbi”, “Abdulla” (rejissor) və s.
2 iyun 2013 – Milli təsviri sənətimizin görkəmli nümayəndəsi, Azərbaycanın və SSRİ-nin Xalq rəssamı, Dövlət mükafatları laureatı Toğrul Fərman oğlu Nərimanbəyov (7.8.1930 – 2013) Parisdə vəfat edib. Passi qəbiristanlığında dəfn olunub.
Hazırladı: Vüqar Orxan