İmişli rayon Mədəniyyət Mərkəzində Vətən müharibəsi şəhidi baş leytenant Cavid Səfərliyə anası Xatirə Səfərli tərəfindən ithaf edilən “Şəhid Cavidimin qəhrəmanlıq dastanı” adlı kitabın təqdimatı keçirilib.
Mərasimdə rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, digər çıxış edənlər şəhidlərin xatirəsinə yazılmış kitabların gənclər üçün vətənpərvərlik nümunəsi olduğunu qeyd ediblər.
Xatirə Səfərli kitab haqqında danışıb. O, Vətən uğrunda canından keçən şəhidlərin əziz xatirəsinin xalqımız tərəfindən daim ehtiramla yad edildiyini, onların qanının yerdə qalmadığını bildirib.
Tədbir mədəniyyət işçilərinin ifalarında hərbi vətənpərvərlik mövzusunda kompozisiya ilə davam edib.
Cavid Səfərli 1993-cü il mayın 31-də İmişli rayonunun Əliqulular kəndində anadan olub. Hərbi liseydə və Ali Hərbi Məktəbdə təhsil alıb. 2014-cü ildən Azərbaycan Silahlı Qüvvələri sıralarında xidmətə başlayıb. 2016-cı ilin Aprel döyüşlərinin iştirakçısı olub.
Azərbaycan Ordusunun baş leytenantı Cavid Səfərli 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Cəbrayıl, Füzuli və Xocavənd döyüşlərində iştirak edib. Oktyabrın 21-də Xocavənd istiqamətində döyüşdə şəhid olub.
Ölümündən sonra ölkə başçısının müvafiq sərəncamları ilə "Vətən uğrunda", "İgidliyə görə" medalları, Cəbrayıl, Füzuli, Qubadlı və Xocavəndin azad olunmasına görə medallarla təltif edilib.