Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin təşəbbüsü və təşkilatçılığı ilə silsilə tədbirlər həyata keçirilir.

Tədbirlər sırasında Qusar və Xaçmaz rayonlarında minlərlə gəncin iştirakı ilə təşkil edilən flaşmob aksiyaları da var.

Xaçmaz şəhərində keçirilən flaşmobda “İmza” kompozisiyası və “102” rəqəmi nümayiş olunub.

Qusar şəhərindəki flaşmobda isə Ulu öndər Heydər Əliyevin portreti əks etdirilib.

Hər iki rayonda gerçəkləşən aksiyalara əksəriyyəti yeniyetmə və gənclər olmaqla, ümumilikdə 5 minə yaxın insan qatılıb.

Ulu öndər Heydər Əliyevin əziz xatirəsinə ehtiramın ifadəsi olan bu tədbirlər gənc nəsildə vətənpərvərlik hissinin aşılanması və ictimai həmrəyliyin gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Aksiyalar milli dəyərlərə və dövlətçilik ənənələrinə sadiqliyin nümunəsi kimi geniş rezonans doğurub.