Xəbər verildiyi kimi, 11-13 aprel tarixlərində Türkiyənin Antalya şəhərində qardaş ölkənin Xarici İşlər Nazirliyinin təşkilatçılığı və Türkiyə Cümhuriyyəti Prezidentinin himayəsi ilə IV Antalya Diplomatiya Forumu (ADF2025) keçirilib.
Qlobal çağırışlarla bağlı müzakirələrin aparılması, onların həlli yollarının tapılması kimi məsələlərdə dünyanın aparıcı platformalarından biri olan Antalya Diplomatiya Forumuna bu il 20-dən çox dövlət və hökumət başçısı, 70-dən artıq nazir olmaqla ümumilikdə 140 ölkədən nümayəndələr qatılıb.
Forumda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva da iştirak ediblər.
Forum çərçivəsində Yaxın Şərqdən Asiya və Sakit okean hövzəsinə, Afrikadan Latın Amerikasına qədər geniş coğrafiyada qlobal çağırış və təhdidlərlə yanaşı, iqlim dəyişikliyi, ərzaq təhlükəsizliyi, rəqəmsallaşma, süni intellekt kimi dünya gündəmində mühüm yer tutan məsələlər ətrafında müzakirələr aparılıb.
Müzakirə olunan sahələr arasında mədəniyyətə də diqqət ayrılıb.
Forumun aprelin 13-də keçirilən panellərindən biri “Müasir dünyada mədəniyyətin rolu: Birləşdiricimi, bölücümü?” mövzusuna həsr olunub.
Paneldə TÜRKSOY-un baş katibi Sultan Raev, Beynəlxalq Türk Akademiyasının prezidenti akademik Şahin Mustafayev, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (CICA) baş katibi Kayrat Sarıbay, Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) baş katibi Nurlan Yermekbayev, Avropa Yenidənqurma və İnkişaf Bankının Cənubi və Şərqi Aralıq dənizi üzrə baş siyasi məsləhətçisi Tarek Osman, digər rəsmilər iştirak ediblər.
Çıxışçılar fərdi və ya kollektiv həyatımızın təməllərindən birini təşkil edən mədəniyyətin bir qrupun, icmanın və ya millətin birlikdə yaşama tərzini formalaşdırdığını, güclü mənsubiyyət hissini yaratmaqla yanaşı, bölünmələrə də səbəb ola biləcəyini bildiriblər.
İclasda qlobal bağlılıqla yanaşı parçalanmaların da artdığı bu dövrdə mədəniyyətin həm birləşdirici, həm də bölücü tərəfləri müzakirə olunub. Bu baxımdan parçalanmış dünyamızda mədəni problemlərin daha dərindən dərk edilməsinin əhəmiyyəti vurğulanıb.