Tarixdən bəllidir ki, Amerika Birləşmiş Ştatları 4 iyul 1776-cı ildə müstəqilliyini elan edib. Həmin vaxt Britaniya müstəmləkəçiliyinə qarşı müharibə (1775–1783-cü illər İstiqlal müharibəsi) aparan və sayı hələ 13 olan Amerika ştatlarının bu qərarı ilə dünyanın siyasi xəritəsinə yeni bir dövlət daxil olub. Bəs ABŞ-ni ilk olaraq hansı ölkə tanıyıb? Bu, Amerika qitəsindən min kilometrlərlə uzaqda, Afrikada yerləşən Mərakeşdir. ABŞ Konqresi iki əsr yarım tarixi olan bu hadisəni xüsusi qətnamə ilə yada salır.

2025-ci il martın 25-də ABŞ Nümayəndələr Palatasında İllinoys ştatından nümayəndə Bred Şnayder və Cənubi Karolina ştatından nümayəndə Co Uilson tərəfindən qətnamə (H. Res. 251) təqdim edilib. Qətnamə Mərakeşin ABŞ-nin müstəqillik tarixindəki mühüm rolunu diqqətə çatdırır və 2027-ci ildə Mərakeşin ABŞ-ni tanımasının 250-ci ildönümünün qeyd edilməsi təşəbbüsünü irəli sürür.

Mərakeş Krallığının Azərbaycandakı Səfirliyinin bununla bağlı yaydığı məlumatda bildirilir ki, “250 illik yubiley qətnaməsi” qanunvericilik təşəbbüsü ABŞ tarixində ən uzun və davamlı diplomatik münasibətlərdən birini vurğulayır. Hazırda Nümayəndələr Palatasının Xarici İşlər Komitəsi tərəfindən nəzərdən keçirilən qətnamə Mərakeşin ABŞ üçün strateji müttəfiq statusunu bir daha təsdiqləyir və diplomatiya, təhlükəsizlik, iqtisadiyyat və mədəni mübadiləni əhatə edən geniş ikitərəfli əməkdaşlığı ön plana çəkir.

Qətnamədə Mərakeş-ABŞ münasibətlərindəki mühüm tarixlər də qeyd olunur. O cümlədən:

1777: ilk tanınma – 1 dekabr 1777-ci ildə Sultan Sidi Məhəmməd Ben Abdullah rəsmi olaraq ABŞ-ni tanıyıb və Mərakeş limanlarını amerikalı tacirlərə açıb. Bu, İstiqlal müharibəsi zamanı həlledici bir məqam idi.

1780:  ilk diplomatik yazışma – Kontinental Konqres Mərakeşlə sülh və dostluq arzusunu ifadə edərək, krallığın beynəlxalq diplomatiyada əhəmiyyətini qəbul edib.

1787: Sülh və dostluq müqaviləsi – Mərakeş müqaviləsi kimi də tanınan bu saziş rəsmi olaraq iki ölkə arasında diplomatik və ticarət əlaqələrini qurub və bu günədək qüvvədə qalan ABŞ tarixinin ən uzunmüddətli fasiləsiz müqaviləsi sayılır.

1821: Tanca Amerika nümayəndəliyi – Mərakeş ABŞ-yə onun xaricdəki ilk diplomatik mülkünü hədiyyə edib və bu, iki ölkə arasında dostluğun rəmzi olub.

Qeyd edilir ki, bu mühüm hadisələr Mərakeşin ABŞ-nin beynəlxalq əlaqələrində öncül rolunu möhkəmləndirir və bu status indi rəsmi olaraq ABŞ Konqresi tərəfindən tanınır.

Qətnamədə Mərakeşin ABŞ-nin müttəfiqi kimi iqtisadi və ticarət münasibətləri, təhlükəsizlik və hərbi əməkdaşlıq, mədəni-humanitar əlaqələr və regional diplomatiyadakı strateji rolu vurğulanır.

Qətnamə, həmçinin tarixi dostluğun 250 illik yubileyinin 2027-ci ildə rəsmi səviyyədə qeyd olunması üçün Konqresin dəstəyini ifadə edir.

Vüqar Orxan