Azərbaycan aşıq sənətinin tanınmış nümayəndəsi, ustad aşıq Əli Quliyevin (Ürfan Əli) anadan olmasının 75 illiyinə həsr olunmuş konsert proqramı təşkil edilib. Tədbir “Dədə Ələsgər Ocağı” İctimai Birliyinin təşkilatçılığı ilə Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında keçirilib.
İctimai birliyin sədri Xətai Ələsgərli Əli Quliyevin Azərbaycan aşıq sənətinə verdiyi töhfələrdən, onun sənət yolunun əhəmiyyətindən və bu irsin qorunmasının vacibliyindən danışıb.
Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair İbrahim İlyaslının aparıcılığı ilə davam edən tədbirdə Milli Məclisin üzvü Aydın Hüseynov, şair, publisist Murad Köhnəqala, yazıçı Şərif Ağayar, şair-publisistlər Əkbər Qoşalı, Çiçək Mahmudqızı, Yusif Nəğməkar, digər qonaqlar çıxış edərək yubulyarın Azərbaycan aşıq sənətində yerindən söz açıblar.
Konsert proqramında tanınmış və gənc ifaçılar Əli Quliyevin sevilən ifalarından və klassik aşıq havalarından nümunələr təqdim ediblər.
Sonda yubilyar tədbirin təşkilatçılarına, çıxışçılara və sənətsevərlərə öz təşəkkürünü bildirib.